Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev yanvarın 15-də Səudiyyə Ərəbistanı, İordaniya və Tacikistanın ölkəmizdəki səfirləri İssam bin Saleh əl-Cuteyli, Ömər Bərəkət əl-Nahar və İlxom Abduraxmon ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycanla bu ölkələr arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Fuad Nağıyev cari il ərzində Səudiyyə Ərəbistanında bir sıra marketinq tədbirlərinin təşkil olunacağını qeyd edib. Səfir İssam bin Saleh əl-Cuteyli, öz növbəsində Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycanı uzunmüddətli səfərlər üçün uyğun destinasiyalardan hesab etdiklərini diqqətə çatdırıb. Görüşdə Azərbaycan vətəndaşları üçün viza sadələşdirmə proseduru haqqında da fikir mübadiləsi aparılıb.

Agentliyin sədrinin İordaniya və Tacikistan səfirləri ilə görüşlərində isə birbaşa aviareyslərin açılması, mövcud aviareyslərin artırılması istiqamətində işlərin görülməsi və turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb. Turizm əlaqələrinin gücləndirilməsi məqsədilə yol xəritəsi üzərində işlənilməsi təklif olunub.