Etibar Cəfərovun yaradıcılıq yolu

 

“Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxmillətli bir ölkədir və bu bizim böyük sərvətimizdir” – bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Şübhəsiz ki, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış addımların arxasında həm də zəngin tarixi və ənənələri olan tolerantlıq və multikultural dəyərlər dayanır. Ölkəmizin bu zənginliyini dünyaya daha geniş şəkildə tanıtmaqda incəsənət nümayəndələrinin, xüsusilə dəyərlərimizi fotolarda yaşadanların mühüm rolu var. Onlardan biri də Etibar Cəfərovdur.

Etibar Cəfərov peşəkar fotoqraflıqdan əvvəl təbii bitkilərlə hazırlanmış akvarium dizaynı ilə məşğul olub. 2006-cı ildən bir sıra beynəlxalq yarışmalarda Azərbaycanı uğurla təmsil etməyə başlayıb. Çalışdığı sahə ilə bağlı səfər etdiyi müxtəlif xarici ölkələrdə fotoqrafiya sənətinin də necə yüksək səviyyədə inkişaf etdiyini, bir çox ölkələrin beynəlxalq arenalarda özlərini fotolarla necə tanıtdığını görür. Beləcə, bu sahəyə marağı artır.

2010-cu ildən fotoqraf kimi fəaliyyətə qədəm qoyur. 2012-ci ildə “Azərbaycanın rəngləri” (The color of Azerbaijan) adlı layihəyə start verir. Təbiəti, memarlığı, milli adət-ənənələri, milli mətbəxi, müxtəlif gözəllikləri ilə zəngin olan Azərbaycanı foto-kameranın yaddaşında əbədiləşdirmək və dünyaya təqdim etmək elə də asan iş deyildi. On il müddətində düşündüyü layihəsini ərsəyə gətirməklə bərabər, fotoşəkillərdən ibarət 7 kitabın müəllifi olur.

İlk kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan “Images of Cultural & Natural Heritage of Azerbaijan” oldu. Daha sonra, “Azərbaycanın rəngləri – Bakı” (The Colors of Azerbaijan – Baku) kitabını nəşr etdirən Etibar Cəfərov bunun uğurlu alındığını görərək “The Colors of Azerbaijan – Motherland” adlı kitab-albomunu tərtib edir. Fotoqrafın həyata keçirmək istədiyi “Azərbaycanın rəngləri” layihəsinin məqsədləri çoxdur. Başlıcası isə Azərbaycanı dünyada daha da tanıtmaq, eyni zamanda ölkəmizin qonaqpərvərliyini, onun müxtəlif xalqlara yurd olduğunu nümayiş etdirmək idi.

Fotoqraf həmin kitabın ərsəyə gəlməsi üçün respublikamızın bölgələrini qısa zaman çərçivəsində gəzərək müxtəlif etnik qrupların adətləri, xüsusiyyətləri, milli geyim və atributlarını öyrənmiş və fotoçəkilişlər aparmışdı. Etibar Cəfərov layihəsini işıqlandırmaq üçün “The Colors of Azerbaijan” adı ilə dünyanın müxtəlif ölkə və şəhərlərində sərgilərə qatılır, fərdi sərgilər də keçirir. Misal olaraq, Los-Anceles, Helsinki, Stokholm və s. kimi şəhərlərdəki sərgi və təqdimatlarını qeyd edə bilərik.

Fotoqraf Azərbaycanın zəngin təbiəti və memarlıq abidələrini çəkməyə davam edərək “The Colors of Azerbaijan – Another world” (“Bir başqa dünya”) adı verdiyi növbəti kitabını hazırlayaraq təqdim edir. Bu əsnada Azərbaycanın Almaniyadakı Səfirliyindən ölkəmizdəki tolerantlıqla bağlı çəkilişlər etmək üçün təklif gəlir. İlk olaraq yəhudi icması ilə bağlı çəkilişlər edir, həmin fotolardan ibarət “Azərbaycanda yəhudi irsi” adlı kitab nəşr olunur. 2023-cü ildə Türkiyədə iki dildə (alman, ingilis) çap olunan bu kitabın Berlin şəhərində təqdimat mərasimi və fotolardan ibarət sərgisi də uğurla baş tutur.

Etibar Cəfərov tolerantlıq mövzusunun davamında Azərbaycanda xristian dininə mənsub olan xalqlarla bağlı çəkilişlər aparır. Bu iş iki il davam edir və “Azərbaycandakı xristian həyatı” adlı kitab-albom ərsəyə gəlir. 2023-cü ilin sonlarında başladığı daha bir iş Azərbaycandakı dini tolerantlıq və müxtəlif etnik qruplardan bəhs edən kitabın hazırlanmasıdır.

Fotoqraf 10 il müddətində çəkdiyi 10 minə yaxın fotodan 200-nü seçərək “The Colors of Azerbaijan Land of Multiculturalism” kitabının nəşrində istifadə edib. Bu kitab Etibar Cəfərovun foto yaradıcılığını əhatə edən ən sanballı işdir desək, yanılmarıq.

Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. Bilikli, savadlı olmaq, tarixi və elmi tədqiqatlara istinad edərək dünyaya vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq həm  ziyalı, həm də vətəndaş olaraq mənəvi borcumuzdur.

Ziyarət Cabarova
sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi