Bu, peşəkarlar üçün təməl fəaliyyət sənədidir
Yayın bu isti-bürküsündə hər kəs gözəl təbiət qoynunda, mavi dənizin qızıl qumlu sahillərində və ümumiyyətlə şəhərin səs-küyündən, stressindən uzaq bir məkanda dincəlmək istəyər. Qısası, turist səfərinə çıxmağın əsl zamanıdır.
Amma burda bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, turizm və səyahətlərin ən vacib şərtlərindən biri də təbiətə və ətraf mühitə qayğı ilə yanaşmaqdır. Çünki cəlbedici landşaft, təmiz hava, təmiz çimərliklər, səfalı meşələr, buz bulaqlar - bütün bunlar turizm sərvəti hesab edilir. Onların qorunması turizmin davamlı inkişafını təmin edir.
Turist səyahətləri zamanı ölkələrin təbiətinin, mədəni irsinin qorunması Dünya Turizm Təşkilatının bütün bəşəriyyət üçün təsdiq etdiyi Turizmin Qlobal Etik Kodeksi adlı sənədlə tənzimlənir. Bu günlərdə jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bu məsələyə toxunaraq bildirib ki, adıçəkilən sənəddə turizm səfərlərini təşkil edən qurumlara da, istirahətə gedən şəxslərə də ilk öncə torpağa, təbiətə və mədəni irsə xələl gətirməmək tövsiyə olunur. Bunun daha çox təbliğatla bağlı olduğunu deyən nazir qeyd edib ki, bütün turizm şirkətləri Turizmin Qlobal Etik Kodeksinə riayət etməlidirlər: «Biz aydın dərk etməliyik ki, insanlar mənzərəli yerlərə istirahət etməyə daha həvəslə gedirlər. Amma bu gözəl mənzərəyə, gözəl təbiətə də xələl gətirilməməlidir”.
Turizm şirkətinin vəzifəsi
Turizmin Qlobal Etik Kodeksində hansı məqamlar yer alıb? Ümumiyyətlə, bu sənəddə göstərilən vacib şərtlərə əməl olunurmu?
Azərbaycan Turizm İnstitutunun kafedra müdiri, turizm üzrə ekspert Bahadur Bilalov deyir ki, sözügedən sənəd 1999-cu ildə Dünya Turizm Təşkilatının Baş Assambleyasının Santyaqoda (Çili) keçirilən iclasında qəbul olunub. Bu, turizm fəaliyyəti ilə məşğul olanlar üçün, turizmin inkişafında maraqlı dövlətlər və eyni zamanda da turistlər üçün təməl bir sənəd, sanki bir turizm konstitusiyası rolunu oynayır: «Sənəd 10 maddədən ibarətdir. Maddələrin hər biri özündə turizmin inkişafı üçün nələri etmək lazım olduğunu ehtiva edir. Məsələn, kodeksin birinci maddəsi «Turizmin insanlar arasında anlaşma və hörmətə təsiri» adlanır. 2-ci maddədə turizmin fərdi və kollektiv təkmilləşmənin amili, 3-cü maddədə isə sabit inkişafın amili kimi rolundan bəhs olunur. Bu sənədin bəzi müddəaları Azərbaycanda 1999-cu ildə qəbul olunmuş «Turizm haqqında» qanunda da öz əksini tapıb. Kodeksdə, sadəcə, tövsiyələr yer alıb ki, turizmin inkişafında maraqlı olan ölkələr bu tövsiyələrə əməl etsələr, dünya üzrə turizm daha da sürətlə inkişaf edə bilər».
Həmsöhbətimiz deyir ki, sənədin birinci maddəsinin beşinci bəndində belə bir müddəa var ki, səfər zamanı səyahətə gələnlər və turistlər yerli şəraitə ziyan gətirəcək heç bir cinayət əməllərinə, eləcə də ədəbsizlik və təhqiramizlik kimi görünən hərəkətlərə yol verməməlidirlər: «Azərbaycanın «Turizm haqqında» qanununda da turistlərin hüquq və vəzifələri deyilən bir anlayış var. Turistin hüquqları nədir? Getdiyi ölkə, yer haqqında qabaqcadan doğru-düzgün məlumat əldə etmək. Vəzifələri də ondan ibarətdir ki, getdiyi ölkədə ətraf aləmə zərər vuran işlərlə məşğul olmamalıdır. Ocaq qalayıb yaşıllığı məhv etməməli, ətrafı zibilləməməlidir. Dövlətlərin də etməsi lazım olan məqamlar var. Məsələn, turistlərə dözümlü yanaşılmalıdır».
Bəs gələn turistə özünü necə aparmaqla bağlı xəbərdarlıq etmək turizm şirkətinin vəzifəsidirmi? Mütəxəssis deyir ki, əslində belə olmalıdır: «Məsələn, İran bir İslam respublikasıdır. Ramazan günlərində bu ölkəyə səfərlər təşkil edilir. Amma İran dövlətinin qaydalarına görə, Ramazan günlərində küçədə siqaret çəkmək belə qadağandır. Bu həm yerli vətəndaşlara, həm də gələn turistlərə aiddir. Belə günlərdə turizm şirkəti İrana apardığı turisti bu qaydalarla bağlı mütləq məlumatlandırmalıdır. Bunu etmək turizm şirkətinin borcudur. Digər tərəfdən, təbiət qoynuna, tarixi-mədəni yerlərə, abidələrə səyahət təşkil edən hər bir turizm şirkəti turistlə maarifləndirmə işi aparmalıdır. Etik kodeks öz yerində, amma turizm şirkətinin birbaşa işidir ki, turist qrupları ilə iş aparsın”.
Turistlər arasında ekoloji maarifləndirmə aparılmalıdır
Turizmin Qlobal Etik Kodeksini daha çox təbiət qoynunda dincəlmək istəyənlər bilməlidir. Çünki təbiətlə birbaşa ünsiyyətdə olanlar ekoturizm həvəskarlarıdır. Ekoturizm turistin aktiv təbiətlə canlı təmasıdır, amma təbiətə ziyan vurmamaq şərti ilə. Lakin bəzi hallarda insanlar ağacları qırıb ocaq qalamaqla, əllərinə gələn zibili ətrafa atmaqla təbiətə ciddi zərər yetirirlər. Dünya təcrübəsində bunun qarşısını necə alırlar?
«Ekostil-Azərbaycan» Təbiəti Mühafizə İctimai Birliyinin sədri, tanınmış ekoloq Elman Yusifovun fikrincə, bu, çox mühüm bir məsələdir. Burada obyektiv və subyektiv problemlər var: «Əvvəla, onu qeyd edim ki, ekoturizm marşrutları daha çox milli parklara təşkil olunur. Xarici ölkələrdə milli parklara daxil olarkən turistlərin çantasındakı əşyalar sayılır. Qayıtdıqdan sonra həmin əşyalar təkrar sayılır, əskik olması o deməkdir ki, turist onu harasa atıb. Buna görə həmin insan cərimələnir. Bizdə isə milli parkların mahiyyəti ilə statusu hələ çoxlarına bəlli deyil. Milli parkın nüvəsi olmalıdır. Ora qapalı, turist girə bilməyəcəyi bir məkandır. Ondan sonra gəlir bufer zonası, daha sonra isə rekreasiya zonası. Milli parkın içərisində yer müəyyənləşdirilir ki, burada istirahət etmək, nəsə bişirmək və s. olar. Bütün bunlar isə milli park rəhbərliyi tərəfindən tənzimlənməlidir”.
Mütəxəssisə görə, insanlarda ekoloji mədəniyyəti formalaşdırmaq lazımdır: «Onlar dərk etməlidirlər ki, təbiət tək onların deyil. Təbiət onların övladlarına, nəvələrinə qalacaq. Azərbaycan insanı tarixən təbiətə, abidələrə qarşı həmişə diqqətli olub. Ölkəmizdə yaşı min illərlə ölçülən ağaclar var. İllərlə soyuqla mübarizə aparan babalarımız bu ağaclara toxunmayıblar. Ona görə də insanlar arasında davamlı ekoloji maarifləndirmə işi aparılmalıdır”.
Fəxriyyə Abdullayeva