Azərbaycan Milli İncəsənət Muzeyi “Uşaqlar üçün incəsənət tarixi” adlı yeni layihəni həyata keçirir.

Həftənin şənbə və bazar günləri layihə çərçivəsində uşaqlar sərgüzəştlərlə dolu sənət dünyasına qərq olacaq, müxtəlif dövrlərə səyahət edəcəklər.

Azərbaycan və dünya incəsənətinin əhatə olunduğu layihədə balacalar qədim zamanlardan günümüzədək davam edən incəsənət tarixi haqqında yeni biliklər əldə edəcək, mühazirələr dinləyəcək, tarixə və mədəniyyətə təsir göstərmiş şah əsərlərlə tanış olacaqlar.

Layihə qədim Misir incəsənəti ilə başlayır. Yanvar ayının şənbə və bazar günləri keçiriləcək proqramda uşaqlar Misir incəsənətinin tarixi, əzəmətli piramidaları, fironların sirli dünyası, qədim misirlilərin dünyagörüşü, məişəti, geyim tərzi və s. haqqında məlumatlar əldə edəcək, firon maskası və bu zəngin mədəniyyətdən bizə məlum olan bəzək aksesuarları hazırlayacaqlar.