BMT-nin Jurnalistlərin Təhlükəsizliyi və Cəzasızlıq Problemi üzrə Fəaliyyət Planını əlaqələndirən UNESCO-nun son hesabatı o qədər də ürəkaçan deyil.

Hesabatda qeyd olunur ki, son üç ayda münaqişə bölgələrində 27 jurnalist öldürülüb.

Təşkilatın rəsmi saytında bildirilir ki, 2023-cü il münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlər üçün xüsusilə ölümcül il olub, o cümlədən ilin son üç ayında 27 ölüm halı qeydə alınıb.

Hesabatda diqqətə çatdırılıb ki, 2023-cü ildə 65 jurnalist öz vəzifə borcunu yerinə yetirərkən öldürülüb, bu, əvvəlki illə müqayisədə (88 jurnalist) azdır. Lakin UNESCO qeyd edir ki, bu ümumi azalma çox narahatedici bir fenomeni gizlədir: münaqişə zonalarında həlak olanların sayının kəskin artması tendensiyası müşahidə olunur. Münaqişə zonalarında 2022-ci ildə 28, 2021-ci ildə isə 20 jurnalist qətlə yetirilib. Amma 2023-cü ildə münaqişə vəziyyətində olan ölkələrdə ən azı 38 jurnalist və media işçisi öz peşə fəaliyyətini yerinə yetirərkən həlak olub. UNESCO ötən il oktyabrın 7-dən indiyədək Fələstində 19, Livanda 3, İsraildə isə 2 jurnalistin öldürüldüyünü bildirib. Əfqanıstan, Kamerun, Suriya və Ukraynada da ən azı iki qətl hadisəsi qeydə alınıb. Latın Amerikası və Karib hövzəsi ölkələrində ötən il media nümayəndələrinin ölüm halları azalıb, ümumilikdə 15 qətl hadisəsi olub.