İsveçrənin Davos kurort şəhərində keçirilən (15-19 yanvar) Dünya İqtisadi Forumu (WEF – 2024) öncəsi İngiltərənin “Oxfam” qeyri-hökumət təşkilatı maraqlı hesabat yayıb.
Hesabatda qeyd olunur ki, 2020-ci ildən bəri dünyanın ən zəngin beş insanının sərvəti sürətlə artaraq 405 milyard dollardan 869 milyard dollara çatıb. Bunun əksinə, yoxsul həddində yaşayanların sayı 5 miyardı keçib.
“Oxfam” hesab edir ki, dünyada yaxın 10 il müddətində ilk trilyonçu meydana çıxa bilər, amma yoxsulluğun aradan qaldırılması üçün iki əsrdən çox vaxt lazımdır. Hesabatda deyilir ki, dünyanın ən varlı beş insanının sərvətləri 2020-ci ildən bəri saatda 14 milyon dollar artır.
“Oxfam”ın icraçı direktoru Amithab Baher son 3 il ərzində şirkətlərin daha da varlanması və qlobal yoxsulluğun artmasının səbəbini izah edib: “Şirkətlər işçiləri sıxışdırmaq, vergidən yayınmaq, dövlət sektorunu özəlləşdirmək və iqlim böhranını təşviq etmək yolu ilə böyük pullar əldə ediblər. Onlar, eyni zamanda demokratiya və insan haqlarını baltalayırlar. Heç bir qurum və ya fərd iqtisadiyyat və insanların həyatı üzərində bu qədər gücə sahiblənməməli, açıq desək, heç kimin milyard dolları olmamalıdır”.
Hesabatda qeyd olunur ki, qlobal miqyasda insanlar minimum əməkhaqqı ilə daha çox və uzun saatlar çalışırlar. Təqribən 800 milyon nəfərin qazancı inflyasiyanın səviyyəsindən aşağı olur və onlar son iki ildə təxminən 1,5 trilyon dollar itiriblər.