Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və şanlı Zəfərlə başa çatan Vətən müharibəsi şəhidləri barədə oxuculara məlumat verməyə davam edirik. Bu dəfə 44 günlük müharibənin qəhrəmanlarından Ağamir Ağayev haqqında söz açırıq.

Ağamir Qüdrət oğlu Ağayev 1996-cı il iyulun 14-də Biləsuvar rayonundakı 2 saylı çadır şəhərciyində anadan olub. Əslən Füzuli rayonunun Şükürbəyli kəndindən olan Ağamirin ailəsi 1993-cü ildə ermənilərin hərbi təcavüzü zamanı öz dədə-baba yurdundan didərgin düşmüşdü. 1994-cü ildə Horadiz əməliyyatı zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən kəndlərdən biri də Şükürbəyli kəndi idi. Ağamir və ailəsi 2001-ci ildə öz kəndlərinə dönürlər. O, Şükürbəyli kənd tam orta məktəbində təhsil alır. Məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanır. Xidməti zamanı 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək şücaət göstərir. 2017-ci ildə ordudan tərxis olunur.

Ağamirin uşaqlıq çağları Füzuli rayonunun Şükürbəyli kəndində düşmənlə təmas xəttində keçmişdi. O, ermənilərin törətdikləri vəhşiliklər haqqında faktları öyrəndikcə düşmənə olan nifrəti günbəgün daha da artırdı. Səbirsizliklə düşməndən qisas alacağı günü gözləyirdi. Həmin gün isə çox da uzaqda deyildi...

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində o da könüllü cəbhəyə yollanır. Füzuli istiqamətindəki döyüşlərdə iştirak edir. Oktyabrın 8-də Füzulinin Seyidəhmədli kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olur.

Vətən müharibəsinin qaynar vaxtları olduğundan onun ata yurdu Şükürbəylidə dəfn edilməsi mümkün deyildi. Buna görə də Ağamir oktyabrın 9-da Füzulinin Böyük Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılır. Vətən müharibəsi Zəfərlə başa çatdıqdan sonra şəhidin cənazəsi ata-baba yurdu Şükürbəyli kənd qəbiristanlığında dəfn edilir.

Şəhidin bacısı Xoşbəxt Ağayeva qardaşı haqqında deyir: “Ağamir çox qayğıkeş, mehriban qardaş idi. O, 2001-ci ildən düşmənlə təmas xəttində yerləşən Şükürbəyli kəndində yaşayıb, mənfur düşmənin təhlükəsini hiss edərək böyüyüb. Həm buna görə, həm də yaxın qohumlarımız hərbçi olduğu üçün qardaşımın da uşaqlıqdan hərb sahəsinə marağı olub. 2020-ci il iyulun 14-də Ağamirin ad günü idi, 24 yaşını qeyd edirdik. Həmin gün general-mayor Polad Həşimovun şəhid olduğunu öyrəndik. Həmin gün heç vaxt yaddaşımdan çıxmaz. Polad Həşimovun şəhid olması Ağamirə çox pis təsir etmişdi. Bu hadisə onun düşmənə olan nifrətini daha da alovlandırmışdı. Qisas hissi ilə yaşayırdı. 44 günlük müharibə başlayanda qardaşım “Torpaqlarımızı özüm alacağam” deyib könüllü olaraq cəbhəyə yollandı. Son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Təsəllim odur ki, qardaşımın qanı yerdə qalmadı. Bütün torpaqlarımız işğaldan azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Xoşbəxt xanım qeyd edir ki, atası Qüdrət Ağayev oğul itkisinə dözməyərək qısa müddət sonra vəfat edib: “Atam iflic xəstəsi idi. Ağamir müharibəyə gedəndə atamı anama bərk-bərk tapşırmışdı. Qardaşımın şəhid olmasından sonra atamın vəziyyəti daha da ağırlaşdı. Atam Ağamirin şəhadətindən sonra cəmi 4 ay yaşadı. 2021-ci il fevralın 9-da vəfat elədi”.

Qeyd edək ki, Ağamir Ağayev ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Nurəddin