Prezident İlham Əliyev yanvarın 15-də Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hospital kompleksinin (Fətəli xan Xoyski küçəsi 99) açılışında iştirak edib.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hospital kompleksi barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək.
Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospital 240 çarpayılıqdır. Burada 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır. İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər.
Tibb ocağında 11 əməliyyatxanadan ibarət xüsusi blok yerləşir. Hospitalda uçuş heyətinin və dalğıcların müayinəsi və müalicəsi üçün respublikada ən müasir hiperbarik oksigenasiya avadanlığı (barokamera) quraşdırılıb.
Hərbi hospitalda klinik fəaliyyətin, yəni tibbi tədris işinin təşkili və ixtisaslı hərbi həkimlərin hazırlanması şəraiti yaradılıb.