Prezident Lənkəran və Neftçala rayonlarına səfər edib

 

Prezident İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib. Dövlətimizin başçısı Lənkəran şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident “Lenk Fruit” MMC-nin Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, ümumi ərazisi 150 hektar olan bağda əsasən Türkiyədən gətirilmiş 141 min ədəd sitrus meyvələri, şaftalı və nektarin ağacı əkilib. Ümumi dəyəri 10,7 milyon manat olan layihə üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 1 milyon manat güzəştli kredit və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 148 min manat faizsiz kredit verilib.

Sitrus bağında respublikada ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan 15 ədəd xüsusi avadanlıq quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini şaxtadan qoruyur. Növbəti illərdə daha 5 ədəd belə avadanlığın quraşdırılması nəzərdə tutulub.

Təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. Sitrus əkin sahələrinin məhsuldarlığı hər hektardan 35-40 ton təşkil edəcək ki, bu da yerli növlərlə müqayisədə 2-3 dəfə çoxdur. 2023–2024-cü təsərrüfat ilində 3 min ton məhsul yığılıb və hazırda yığım davam etdirilir. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. Təsərrüfatda 140 nəfər işlə təmin olunub.

***

Prezident İlham Əliyev Lənkəran regional “ASAN Xidmət” mərkəzinin açılışını edib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə məlumat verib. Bildirilib ki, Lənkəran rayonunun Qurumba kəndində ayrılmış iki hektar ərazidə regional “ASAN Xidmət”in üçmərtəbəli inzibati binası inşa edilib, istirahət və uşaq əyləncə meydançası, “ASAN kafe” və s. yaradılıb.

Mərkəz Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət edəcək, eyni zamanda ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Burada 214 əməkdaş və 40 könüllü çalışacaq. 

Regionda startapların inkişafını təmin etmək məqsədilə burada “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi də fəaliyyət göstərəcək. Burada həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət qurumlarında çalışan kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

Qeyd olunub ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar “ASAN Xidmət” mərkəzlərində innovativ həll təmin edilib. Mərkəzlərdə olan “ASAN növbə” terminallarına “Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə olunub. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd edilən yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Yeni layihə Mərkəzi Seçki Komissiyası və “ASAN Xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb.

Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “ASAN Xidmət” tərəfindən həyata keçiriləcək tədbirlərlə bağlı da konseptual plan hazırlanıb. Plana əsasən, bir sıra forum, müsabiqə, hakaton və festivallar təşkil olunacaq.

 

Ağdam, Laçın və Cəbrayılda da “ASAN Xidmət” olacaq

 

Dövlətimizin başçısına Lənkəran “ASAN Xidmət” mərkəzində tətbiq olunacaq innovativ yeniliklər, o cümlədən süni intellekt əsaslı xidmətlər və smart qolbaq barədə məlumat verilib.

İşğaldan azad olunmuş ərazilərdə “ASAN Xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN Xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda hazırda Şuşa şəhərində də “ASAN Xidmət”in binasının inşası davam etdirilir.

Qeyd edək ki, hazırda ölkəmizdə 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Lənkəran “ASAN Xidmət” sayca 27-cidir. Mərkəzlərdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 400-ə yaxın, “ASAN kommunal” mərkəzlərində isə “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən 55 xidmət göstərilir.

***

Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılan şəraitlə tanış olub. Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına yeni penitensiar müəssisə barədə məlumat verib.

***

Dövlətimizin başçısı Lənkəranda “Laran” MMC-nin qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub.

Bildirilib ki, ümumi dəyəri 5 milyon manat olan layihənin həyata keçirilməsinə dövlət dəstəyi olaraq Sahibkarlığın İnkişafı Fondu 1,2 milyon manat güzəştli kredit ayırıb. İstehsal gücü natura ifadəsində 2000-2500 ton (hazırda 1500-1800 ton istehsal edilir) olan müəssisədə 5 növdə və 56 çeşiddə, o cümlədən karamel, lokum, marmelad, marmelad istehsal edilir. Məhsullar daxili bazarla yanaşı, Rusiya, İsrail, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Moldova və İraqa da ixrac olunur.

***

Yanvarın 16-da Prezident İlham Əliyev Neftçala rayonuna da səfər edib.

Dövlətimizin başçısı Neftçala şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Prezident Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov görülən işlər barədə məlumat verib. Bildirilib ki, layihə Neftçala rayonu üzrə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 89 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq, Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə qədər diametri 560 millimetr, uzunluğu 40 kilometr olan birinci magistral su kəməri çəkilib. 2020-ci ilin noyabr ayında şəhərə suyun verilməsi təmin olunub. 2023-cü ildə Neftçala rayonunun qəsəbə və kəndlərinin su təchizatına xidmət edəcək diametrləri 560-450 millimetr, uzunluğu 36 kilometr olan ikinci magistral su kəmərinin tikintisi işləri yekunlaşıb.

Bununla paralel olaraq, Neftçala şəhərində ümumi uzunluğu 150 kilometr içməli su təchizatı şəbəkəsi inşa edilib. Eyni zamanda layihə çərçivəsində şəhərdə ümumi uzunluğu 145 kilometr tullantı su şəbəkəsi, 8,5 kilometr kanalizasiya kollektoru və s. qurğuların inşası planlaşdırılır. Ötən dövr ərzində uzunluğu 9,6 kilometr kanalizasiya kollektoru inşa edilib.

Neftçala şəhəri ilə yanaşı, rayonun içməli sudan əziyyət çəkən 39 yaşayış məntəqəsinin problemi həll edilib. Rayonun qalan 11 yaşayış məntəqəsi və Salyan rayonunun 6 kəndi də daxil olmaqla, ümumilikdə 17 yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması məqsədilə 76 kilometr uzunluğunda kəmər, tutumu 7500 kubmetr olan su anbarı və nasos stansiyasının inşası layihələndirilib.