“Növbəti dəfə Çaykovskinin “Qu gölü” baleti ilə gələcəyik”

 

13-14 yanvar tarixlərində Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Yevgeni Plyuşenkonun nağılları” adlı buz üzərində şou təqdim edilib.

Rusiyanın fiqurlu konkisürmə ulduzları – ikiqat Olimpiya çempionu (2006, 2014) və iki dəfə Olimpiya Oyunlarının gümüş mükafatçısı (2002, 2010), üçqat dünya, yeddiqat Avropa çempionu Yevgeni Plyuşenko,  Pekin Olimpiadasının (2022) gümüş mükafatçısı Aleksandra Trusova, Avropa çempionu Alena Kostornaya, eləcə də Georgi Kunitsa, Liza Nuqumanova, Plyuşenkonun həyat yoldaşı Yana Rudkovskaya, oğlu Aleksandr Plyuşenko və digərlərinin iştirakı ilə buz üzərində parlaq çıxışlar, klassik və müasir musiqi ilə müşayiət olunan füsunkar şou tamaşaçılara əsl bayram əhvalı yaşadıb.

Konsertdən sonra Yevgeni Plyuşenko öz sosial şəbəkə səhifələrində paylaşımında yazıb: “Bakı, iki tamaşaya görə təşəkkür edirəm! 15 000 tamaşaçı “Plyuşenkonun nağılları” buz şousunu izlədi. Uzun fasilədən sonra Bakıya qar yağdı və bu əsl qış nağılı oldu! Böyük maraqla qarşıladığınız üçün təşəkkür edirik! Mayın 17 və 18-də Bakıda tamaşalarımızda görüşənədək. Bu dəfə artıq “Qu gölü” baleti ilə. Biz sizə böyük Çaykovskinin musiqisi ilə əsl nağıl gətirəcəyik! Görüşənədək, Bakı!”.

Lalə