Tanınmış ədəbiyyatşünas-alim, mətbuat tariximizin tədqiqatçısı, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Şamil Vəliyev yanvarın 18-də, 64 yaşında vəfat edib.
Şamil Qiyas oğlu Vəliyev 1960-cı ildə Qərbi Azərbaycanın Loru mahalının Körpülü kəndində anadan olub. 1977 – 1981-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb.
1989-cu ildə "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri" mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 2003-cü ildə "Füyuzat" ədəbi məktəbi" mövzusunda elmlər doktorluğu dissertasiyalarını müdafiə edib.
Şamil Vəliyev 1985 – 2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 2005 – 2022-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Milli mətbuat tarixi kafedrasının müdiri, 2012 – 2016-cı illərdə həmin fakültənin dekanı vəzifələrində çalışıb. 2013 – 2018-ci illərdə Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü olub.
Milli mətbuat tariximizin, xüsusən “Füyuzat” ədəbi məktəbinin araşdırılmasında böyük xidmətləri olan alim pedaqoq kimi gənc jurnalistlərin yetişdirilməsinə də öz töhfəsini verib.
Allah rəhmət eləsin.