Müasir incəsənət layihəsi çərçivəsində sayt təqdimatı

 

“Qız qalası. Qadın olmaq” adlı beynəlxalq müasir incəsənət layihəsi çərçivəsində hazırlanan veb-saytla bağlı yanvarın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində təqdimat olub.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova layihə barədə məlumat verib. Qeyd edib ki, layihədə Azərbaycanın tanınmış, yaradıcı qadınlarının cəmiyyətdə rolu və digər məsələlər incəsənət vasitəsilə maraqlı formada nümayiş olunur.

Latviya Respublikasının ölkəmizdəki səfiri Edqars Skuyan diqqətə çatdırıb ki, layihə çərçivəsində 2020, 2021 və 2023-cü illərdə ümumilikdə 50 tədbir həyata keçirilib. Layihənin əsas aparıcı tərəfdaşı Latviya səfirliyidir. “Qadınlar sülh uğrunda”, “Gender bərabərliyi” və “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq!” kimi mövzulara həsr edilmiş layihənin proqramına təqdimatlar, film nümayişləri, konsertlər, tamaşalar, sərgilər, panel müzakirələr daxildir. Bütün bunlar saytda əksini tapıb.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva layihədə yer alan hər bir elementin incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqində mühüm rolunu qeyd edib.