Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.

(əvvəli ötən sayımızda)

2000-ci il 2 sentyabr

 

Prezident Heydər Əliyev Azərbaycana səfərə gələn məşhur Norveç səyyahı Tur Heyerdalı qəbul edib.

 

2000-ci il 11 sentyabr

 

ABŞ-yə işgüzar səfəri gedişində Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin açılış mərasimində nitq söyləyib.

 

2000-ci il 4 oktyabr

 

Azərbaycan musiqi sənətinin inkişafindakı xidmətlərinə görə bəstəkar Xəyyam Mirzəzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Xalq artisti Xəyyam Mirzəzadəyə 65 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

 

2000-ci il 5 oktyabr

 

Xalq artisti bəstəkar Tofiq Quliyevin (4 oktyabrda vəfat etmişdi – red.) dəfninin təşkili üzrə Dövlət Komissiyası haqqında sərəncam imzalayıb.

 

2000-ci il 9 oktyabr

 

Filarmoniyada Mistislav Rostropoviçin iştirakı ilə keçirilən konsertdə olub. Konsertdən sonra səhnə arxasında maestro ilə görüşüb.

“...Sizə təşəkkür etmək istəyirəm, ona görə ki, hər bir gəlişinizlə və görüşlərinizlə, keçdiyiniz ustad dərsləri ilə, nəhayət, şübhəsiz ki, konsertlə xalqımızın, Azərbaycanın mədəni həyatını zənginləşdirirsiniz. Açığını deyəcəyəm, Siz buraya gəlməyə başlayan vaxtdan bəri çox şey dəyişmişdir. Baxın, orkestr necə də dəyişmişdir. Biz ona nə qədər qayğı göstərsək də, – əməkhaqqını qaldırdıq, geyim tikdirdik. alətlər aldıq – bunlar hələ hər şey demək deyildir. Başlıcası odur ki, hər dəfə gəlişinizlə orkestrin səviyyəsini qaldırırsınız... Mən çox böyük zövq aldım... İncəsənət xadimlərimizə və bizə – sıravi dinləyicilərə böyük sevinc bəxş etdiniz...”.

 

2000-ci il 28 oktyabr

 

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında fərman imzalayıb. Fərmanla 31 nəfər mədəniyyət xadiminə “Xalq artisti”, 11 nəfərə “Əməkdar incəsənət xadimi”, 65 nəfərə “Əməkdar artist”, 10 nəfərə “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.

 

2000-ci il 12 noyabr

 

Respublika Sarayında SSRİ-nin və Rusiyanın Xalq artisti Alla Puqaçovanın konsertində iştirak edib. Konsertdən sonra səhnə arxasına gələrək Alla Puqaçova ilə görüşüb.

 

2000-ci il 25 noyabr

 

Respublika Sarayında “Uşaqlar gələcəyimizdir!” devizi altında keçirilmiş konsertdə iştirak edib. Konsert Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə xəstə uşaqlara kömək üçün təşkil olunmuşdu. Konsertdən sonra Heydər Əliyev səhnə arxasına gələrək Azərbaycanın və Rusiyanın incəsənət ustalarını uğurlu çıxışları münasibətilə təbrik edib.

“...Bugünkü əla çıxışınıza görə təşəkkürümü bildirir və sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Təbii ki, bu konsertdə bizə böyük fərəh verən bir də odur ki, salondakılar rus musiqisini və Azərbaycan musiqisini eyni dərəcədə sevirlər, eyni ruh yüksəkliyi ilə qarşılanır. Hesab edirəm ki, bu, çox mühüm cəhətdir. Mən şadam ki, bizim xalqımız, xüsusən gənclərimiz təkcə öz milli musiqimizi sevməklə kifayətlənmir. Onlar öz milli mədəniyyətlərinə böyük məhəbbət bəsləyirlər, eyni zamanda, başqa xalqların musiqisini və mahnılarını dinləməyi xoşlayırlar...”.

 

2000-ci il 7 dekabr

 

Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Xalq artisti, bəstəkar Tofiq Bakıxanovu “Şöhrət” ordeni ilə təltif edib. Sənətkara 70 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

 

2000-ci il 8 dekabr

 

“Azərbaycanda məcburi köçkünlər: Avtoportret” fotosərgisinin açılış mərasimində iştirak edib və nitq söyləyib. Sərgidə nümayiş etdirilən şəkilləri çəkmiş məcburi köçkün gənclərlə görüşüb.

“...Bu sərginin xüsusiyyəti ondan ibarətdir ki, o, Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarından zorla çıxarılmış vətəndaşlarımızın çadırlarda ağır şəraitdə yaşadıqlarını, onların gündəlik həyatını əks etdirir. Sərginin digər xüsusiyyəti ondan ibarətdir ki, buradakı fotoşəkillərin müəllifləri həmin o ağır vəziyyətdə yaşayanlar və xüsusən də uşaqlardır... Bu faciəni hamımız yaşayırıq, bütün Azərbaycan xalqı yaşayır. Ancaq faciənin əsas əzab-əziyyətlərini, ən böyük çətinliklərini yaşayan qaçqın və köçkün vəziyyətində olan həmin vətəndaşlarımız, çadırlarda doğulmuş uşaqlarımız, yaxud çadıra gələrkən çox kiçik yaşında olub, orada böyüyərək həyat sürən uşaqlarımızdır, gənclərimizdir. Ona görə də sərgiyə baxanda ilk növbədə onların ağır vəziyyəti göz önünə gəlir. Eyni zamanda bu sərgi bizim ağır vəziyyətdə yaşayan insanlarımızın nə qədər dözümlü, nə qədər dəyanətli olduqlarını göstərir...

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız mütləq azad olunacaq, indi ağır vəziyyətdə yaşayan, çadırlarda həyat sürən insanlar öz yerlərinə-yurdlarına qayıdacaqlar... Azərbaycan dövləti ötən illərdə bundan ötrü çox işlər görüb, indi də görülür və görüləcəkdir. Heç şübhə etmirəm ki, bütün bunlar öz nəticəsini verəcəkdir.

Ancaq Azərbaycanın düşdüyü belə ağır vəziyyəti ölkəmizin qaçqınlarının və köçkünlərinin real həyatı – bu böyük faciə gərək dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara daha da aydın olsun, olduğu kimi çatdırılsın... İtaliyanın “ACİP” şirkətinin təşəbbüsü, yəni belə bir fotosərginin yaranması və xüsusən, burada deyildiyi kimi, bu fotoşəkillərin İtaliyada və başqa ölkələrdə nümayiş etdirilməsi bizim üzərimizə düşən vəzifələrin həyata keçirilməsi üçün çox gərəkli bir təşəbbüsdür, yüksək qiymətə layiqdir...”.

Hazırladı: V.Orxan

(davamı var)