Dahi Üzeyir Hacıbəylinin yetirməsi, onun bəstəkarlıq məktəbinin layiqli nümayəndəsi, Şərqdə opera yazan ilk qadın bəstəkar, sevilən və yaddaqalan mahnıları ilə unudulmaz olan əziz Şəfiqə xanım, 100 yaşınız mübarək! Siz Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizlə əbədi ömrə sahibsiniz. Sizi gələcək nəsillər də xatırlayacaq, musiqinizlə, əsərlərinizlə sevib yad edəcəklər. Sizi şəxsən tanıyanların isə qəlbindəki yeriniz bir başqadır. Elə xatirəniz də! Sizinlə təmasda, ünsiyyətdə olanlardan biri kimi anadan olmağınızın 100 illik yubileyində xoş xatirələrlə bu yazını qələmə alıram.

Əvvəlcə mahnılarını sevə-sevə dinlədiyim, sonralar isə özü ilə doğmalaşdığım Şəfiqə xanım mənim üçün sənətin və insanlığın ən gözəl nümunəsi idi. Onun fövqəladə istedadı, fədakarlığı, həyata  baxışı, Vətənə, insanlara, sənətə olan sevgisi bir-birini tamamlayırdı. Şəfiqə xanım daim özünü Vətənə borclu sayan sənətkarlardan idi. Ona görə də daim Vətən üçün, xalq üçün yazıb-yaratdı. Bu yerdə onun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Bu torpağa borcluyam” mahnısından misralar düşür yadıma:

İlk andım Vətənimdir,
Mən gah odam, gah suyam,
Bu torpaqdan yarandım,
Bu torpağa borcluyam.
Xoşbəxtəm ki, Vətənim,
Azərbaycandır mənim.

Doğrudan da, biz vətənimizlə, vətənimiz də belə fədakar övladları ilə fəxr etməkdə haqlıdır.

Şəfiqə Axundova ilə şəxsi tanışlığımız onun haqqında qələmə aldığım “Nəğmədir həyat” adlı kitabdan başladı. Bu kitab üzərində işləyərkən Şəfiqə xanımla tez-tez görüşürdük. Məhz bu görüşlərin və bəstəkarın arxivindən əldə olunan yaradıcılığına dair sənədlərin sayəsində “Nəğmədir həyat” kitabı ərsəyə gəldi. Bəstəkarın anadan olmasının 80 illiyinə həsr olunan nəşrdə görkəmli musiqi xadiminin həyat və yaradıcılığı, əsərləri haqqında geniş məlumat və onların təhlili, özünün xatirələri və hətta oğlu, bəstəkar-pianoçu Taleh Hacıyev haqqında “Taleyim mənim, Talehim mənim” adlı bir bölmə də var.

Bu yerdə oxucularımıza da Şəfiqə xanımın ömür yolu və taleyindən bəzi məqamları çatdıraq.

Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvarın 21-də Şəki torpağında dünyaya göz açıb. Atası dövrünün ziyalısı və dövlət işçisi olub. 20-ci illərdə Şəki qəzası partiya komitəsinin 1-ci katibi vəzifəsində çalışıb. Ona hətta “Bolşevik Qulam” da deyirmişlər. Şəfiqə xanımın anası Züleyxa isə evdar xanım olub. Onların ailəsində Şəfiqə xanımdan savayı İsmət, Tahir, Nəriman və Rəfiqə adlı övladları da böyüyürdü. Beləcə, dağlar qoynunda boya-başa çatan Şəfiqənin erkən yaşlarından musiqiyə böyük marağı, sevgisi yaranır.

İstedad belə bir keyfiyyətdir ki, onu həyatda sonradan qazanmaq olmur. O elə insanla birgə doğulur. Balaca Şəfiqənin istedadı da ətrafındakıların diqqətini cəlb edirdi. İlk təhsilinə Şəki şəhərindəki 6 nömrəli orta məktəbdən başlayır. Lakin atasının işi ilə əlaqədar ailəsi Bakıya köçür. O da təhsilini paytaxtda davam etdirir. Əvvəlcə, 6, sonra isə 173 saylı məktəbdə oxuyan Şəfiqə xanım bu illərdə musiqi təhsili də alır. Atasının təkidinə baxmayaraq o, musiqi ilə ciddi məşğul olmağa başlayır.

Şəfiqə xanımı sənətə gətirən yollar o qədər də hamar olmayıb. Amma bu yolda ona istedadı ilə yanaşı, xeyirxah insanlar da kömək ediblər. Bu mənada, Şəfiqə xanım dahi Üzeyir bəyin adını iftixarla və böyük ehtiramla yad edirdi. Üzeyir bəylə bağlı xatirələrindən aydın olur ki, onun həyat və yaradıcılığında böyük bəstəkarımız müstəsna rol oynayıb. Bütün bunlar “Nəğmədir həyat” kitabında “Üzeyir bəyi xatırlayarkən” adlı ayrıca bölmədə öz əksini tapıb.

Şəfiqə xanımın istedadını görən Üzeyir bəy onun mükəmməl musiqi təhsili alması üçün 1941-ci ildə Hacı Xanməmmədovun tar sinfinə göndərir. Bu da gənc bəstəkara xalq musiqisini daha yaxşı mənimsəməsi, not yazısını və musiqi nəzəriyyəsini öyrənməsi üçün əsas mənbə olur. Artıq musiqi yazı texnikasına bələd olan gənc bəstəkar fortepiano üçün pyeslər və mahnılar üzərində işləyir. Füzulinin sözlərinə “Fəqan etməz idim” romansı, “Zəfər marşı”, “Zəfər bizimdir”, “Ana Vətən” mahnıları və s. əsərlər onun ilk uğurlu işləri idi.

Şəfiqə Axundovanın yaradıcılığında hərbi vətənpərvərlik mövzusu, o cümlədən vətən nəğmələri geniş yer tutur. Bu da təbiidir. Çünki onun yaradıcılığa başladığı ilk dövrlər II Dünya müharibəsi illərinə təsadüf edib. Əlbəttə, bu, tarixin elə bir səhifəsidir ki, onu unutmaq olmaz. Çünki bu illərdə xalqımız çox qurbanlar verib. Sənətkarlarımızın da yaradıcılığında vətən, torpaq, qələbəyə inam, mübarizə mövzusu geniş yer tutub. Elə bu sahədə də ilk addımları Üzeyir bəy özü atır və gənc bəstəkarları da buna sövq edirdi ki, onlar xalqı ruhlandıran, ona mənəvi dayaq ola biləcək əsərlər yazsınlar. O, Üzeyir bəy məktəbinin layiqli davamçısı olduğunu, onun ideyalarına sadiq qaldığını zəngin yaradıcılığı ilə təsdiqlədi.

Şəfiqə xanım səhnə əsərlərinə hələ yaradıcılığının ilk dövrlərindən müraciət etmişdi. İlk dəfə 1943-cü ildə Əyyub Abbasovun “Adil və Sərvinaz” əsərinin tamaşasına musiqi yazmışdı. Daha sonra “Son məktub”, “Qayınana”, “Böyük ürək”, “Vicdan”, “Sən nə üçün yaşayırsan?”, “Qızıl əjdaha”, “Natəvan”, “Yaşar”, “Aydın”, “Dost Əli”, “Rübailər aləmində” və s. tamaşalara da musiqilər bəstələmişdi.

Bəstəkarın əsərləri sırasında 1972-ci ildə ərsəyə gətirdiyi “Gəlin qayası” operasının xüsusi yeri var. Bu əsər Azərbaycanın musiqi salnaməsində bir xanım bəstəkar tərəfindən yazılan ilk opera kimi xüsusilə əhəmiyyətli idi. Opera ictimaiyyətə təqdim olunduğu zaman böyük rezonans doğurmuşdu. Dövrün görkəmli musiqi xadimləri onu yüksək qiymətləndirmişdilər. Unudulmaz bəstəkarımız Tofiq Quliyevin bu opera haqqında fikirlərini yada salaq: “Opera çox gözəldir, melodiyası aydındır. Burada bəstəkar muğamdan bilə-bilə geniş istifadə edib. Bu çox yaxşıdır, səmərəsi əladır”.

Bəstəkarın digər irihəcmli səhnə əsəri Novruz Gəncəlinin librettosu əsasında yazdığı “Ev bizim, sirr bizim” operettasıdır. Əsər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Əsərdəki “Mən hara, rayon hara?” misralı duet mahnı bu gün də dillər əzbəridir.

Şəfiqə Axundovanın yaradıcılığının əsas xəttini mahnı janrı təşkil edir. Dolğun, ürəyəyatımlı nəğmələri qəlblərə təravət gətirir. Melodiya onun mahnılarının mayasıdır, özülüdür.

Şəfiqə xanımın mahnıları mövzu dairəsinə görə də çox genişdir. “Şəki”, “Bakı haqqında mahnı”, “Sahil çıraqları”, “Nəğməli Lənkəran”, “Mənim respublikam”, “Doğma diyar”, “Ana torpaq”, “Bu torpağa borcluyam”, “Vətənim”, “Zəfər marşı”, “Qələbə bizimdir” kimi mahnılarında vətənsevərlik ruhu hakimdir. Sənətkarın bir sıra mahnıları insanları zəhmətə, fəallığa səsləyir. Bu sırada “Dağlar oğlu”, “Lənkəranın qızları”, “Xuraman”, “Sular qızı”, “Şəfalı əllər” mahnılarının adlarını çəkmək olar. Bəstəkarın lirik nəğmələri onun yaradıcılığında xüsusi yerə sahibdir. Bu mənada, “Gözlərimin işığı”, “Nədən oldu”, “Gözlərinə toxundu”, “Sevilmək üçün gəlmisən” və s. mahnıları bilavasitə dinləyicilərin könül dünyasına xitab edir.

Şəfiqə xanımın insanları həyata bağlayan nəğmələri (“Həyat, sən nə şirinsən”, “Həyat eşqi”, “Qoruyaq biz həyatı”, “Nəğmədir həyat” və s.), dostluğu, mehribanlığı tərənnüm edən mahnıları (“Mehriban olaq”, “Bu dünyanı düşün”, “Dostlar olmasa”, “Dostlar bizə gələndə”) öz təravətini itirmir, bu gün də müğənnilərin repertuarında yer alır.

Belə bir fikir var ki, sənətkar haqqında ən yaxşı sözü onun öz yaradıcılığı deyir. Şəfiqə xanımın da könülləri fəth edən musiqisi onu daim nəsillərə tanıdacaq, sevdirəcək, unudulmağa qoymayacaq. Şəfiqə Axundova öz musiqisi ilə nəsillərlə qoşa addımlayacaq.

Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi