Süni intellektin (AI) gələcək inkişafı iş yerlərinin azalmasına, dünyada bərabərsizliyin artmasına səbəb olacaq.
Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bu barədə qurumun saytında fikirlərini bölüşüb.
“Süni intellekt dünya üzrə iş yerlərinin demək olar ki, 40%-nə təsir edəcək. Onun potensialından istifadə etmək üçün bizə düşünülmüş siyasət balansı lazımdır. Biz məhsuldarlığı artıracaq, qlobal iqtisadi artımı sürətləndirəcək və bütün dünyada gəlirləri artıracaq texnoloji inqilabın astanasındayıq. Eyni zamanda, bu, həm də əməyə tələbin azalmasına, iş yerlərinin itirilməsinə və bərabərsizliyin artmasına səbəb ola bilər”, – deyə o qeyd edir.
BVF icraçı direktorunun fikrincə, süni intellekt inkişafının qlobal iqtisadiyyata təsirini proqnozlaşdırmaq çətindir, çünki bu, çox mürəkkəb şəkildə baş verəcək. Hazırda qlobal məşğulluğun demək olar ki, 40%-i süni intellektdən təsirlənir. Əmək gəlirinə təsir əsasən süni intellektin yüksək gəlirli işçilərə nə dərəcədə təsir etməsindən asılı olacaq: “Bundan əlavə, süni intellekt tətbiq edən şirkətlərdə məhsuldarlıq artımı çox güman ki, kapitalın daha yüksək gəlirliliyinə gətirib çıxaracaq ki, bu da yüksək gəlirli işçilərə faydalı olacaq. Lakin aşağı gəlirli işçilər geridə qalacaq”.
Qeyd edək ki, Avropa Birliyi rəsmiləri süni intellektin istifadəsini tənzimləyən ilk qanun layihəsi üzərində razılığa gəliblər. Layihə Avropa Parlamentində qəbul olunarsa, 2025-ci ilə qədər qüvvəyə minməsi gözlənilir.