Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Humanitar şöbəsinin və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə “20 Yanvar – müstəqilliyimizə gedən yol” adlı tədbir keçirilib.
BŞİH-in Mətbuat xidmətindən bildiriblər ki, Bakı Kitab Mərkəzində təşkil olunan tədbirdə müharibə veteranları, qazilər, şəhid övladları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzin direktoru Günel Rzayeva iştirakçıları salamlayaraq bildirib ki, bu gün böyüməkdə olan nəslin taleyinə Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin tam bərqərar olması kimi möcüzəni görmək və yaşamaq nəsib olub.
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvardan 34 il ötdüyünü qeyd edib. Bildirib ki, həmin gün Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qırıla bilinməyəcəyini nümayiş etdirdi. Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar xalqımızın yenilməz, məğrur olduğunu bir daha dünyaya göstərdi.
3 saylı Uşaq-gənclər inkişaf mərkəzinin azyaşlı aktyorlarının ifasında “20 Yanvar – müstəqilliyimizə gedən yol” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda şəhid övladlarına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış “Heydər Əliyev və Azərbaycan tarixi” və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunan “Bizim böyük Qələbəmiz” adlı kitablar, həmçinin təşkilatçıların hədiyyələri təqdim edilib.