Moskvada fəaliyyətə başlayan səfirlər öncə onunla görüşürlər

 

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bu ölkədəki diplomatik korpusun duayeni (fransızca başçı, ağsaqqal; bir ölkədə ən uzun müddətə akkreditə olunmuş diplomat) qismində Avstraliyanın RF-yə yeni təyin olunmuş səfiri Con Vilyam Girinq ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüş zamanı bir çox məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında mövcud münasibətlər müzakirə olunub. Səfir Girinq başa çatmış Ermənistan-Azərbaycan münaqişəsindəki vəziyyətlə maraqlanıb və Avstraliyanın hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edib.

Polad Bülbüloğlu işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib. O həmçinin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin yalnız hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulması ilə mümkün olduğuna xüsusi diqqət çəkib.

Con Girinq ölkəmizi 2024-cü ildə COP29-a ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi münasibətilə təbrik edib.

Polad Bülbüloğlu həmkarına ziyarətə görə təşəkkür edib, Azərbaycan və Avstraliya arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan səfiri həmkarına Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ: işğaldan əvvəl və sonra” adlı kitabı hədiyyə edib.

Qeyd edək ki, 2006-cı ilin yanvarından Azərbaycanın Rusiyada səfiri təyin olunan Polad Bülbüloğlu artıq bir neçə ildir bu ölkədəki xarici diplomatik korpusun duayenidir. Diplomatik ənənəyə görə, bir ölkədə fəaliyyətə başlayan səfir öncə diplomatik korpusun duayenini ziyarət edir.