Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar yanvarın 18-də “Məktəbdə...” layihəsinin qonağı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan layihənin növbəti görüşü Bakıdakı 276 nömrəli tam orta məktəbdə keçirilib.
Xalq yazıçısı əvvəlcə məktəblə tanış olub, təhsil ocağının kitabxanasına baş çəkib, buradakı bədii ədəbiyyat nümunələri ilə maraqlanıb.
Anar xatirələrlə dolu məktəb illərinin ömür səhifəsindəki yerindən, insan şəxsiyyətinin formalaşmasında məktəbin, müəllimin rolundan söz açıb. Vətənpərvərlik tərbiyəsinin aşılanmasında kitabların əhəmiyyətindən, mütaliə mədəniyyətinin formalaşmasında təhsil ocaqlarının üzərinə düşən vəzifələrdən də söz açan yazıçı gənclərə bir sıra klassiklər və çağdaş yazarların əsərlərindən bəhrələnməyi tövsiyə edib. Bu gün çox istedadlı, yaradıcı gəncliyin yetişdiyini deyən AYB sədri onların parlaq əsərlər yaradacağına inandığını söyləyib.
Yazıçı Azərbaycan xalqının azadlıq mübarizəsinin carçısı olan 20 Yanvar hadisələri, Qarabağda qazanılan möhtəşəm Zəfərə həsr olunan bədii ədəbiyyat nümunələrindən bəhs edib, ədəbi nəsillər arasındakı mükalimədən, bu gün gənclərin mütaliəyə marağını azaldan elektron resurslardan, sosial şəbəkələrin müsbət və mənfi tərəflərindən danışıb. O, məktəblilərə məsləhətlərini verib, onları düşündürən sualları cavablandırıb.
Daha sonra Anar məktəblilərə imzalı kitablarını hədiyyə edib.
“Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdir.