20 Yanvardan 34 il ötür

 

Yeni tariximizin mətanət və dəyanət səhifəsi olan, Azərbaycanın suverenliyi və dövlət müstəqilliyi yolunda ilk şəhidlərini verdiyi, hər zaman hüzn içində qürurla yad edəcəyimiz 20 Yanvardan 34 il ötür.

Dilimizdə, dini-mənəvi dəyərlər sistemimizdə yüzilliklər öncədən olsa da, etiraf edək ki, şəhidliyin uca anlamı, torpaq, Vətən uğrunda şəhadətin dərin mənası bizim üçün ən yaxın tariximizdə məhz 20 Yanvarda əyan oldu. O gecə güllə yağışında torpağa düşənlər sayəsində  torpağın necə Vətən olduğunu bəlkə də çoxumuz ilk dəfə dərk elədik...

Həmin gecə Bakıda gülləbaran edilən xalq doğma torpağını, milli heysiyyətini, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qorumaq istəyirdi. 1990-cı ilin yanvar gecəsi “Azadlıq!” hayqıranlar ondan iki il öncə “Qarabağ bizimdir – bizim olacaq!” şüarı ilə meydanlara çıxmışdılar.

O gecə can verəndə də gözləri arxada qalmışdı, Qarabağ necə oldu, bu Vətən necə olacaq deyə. Eyni zamanda gözləri sabaha dikilmişdi.

Bəxtiyar Vahabzadənin həzin, duyğulu misralarında vurğulandığı kimi:

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

1990-cı il yanvarın 20-nə keçən gecə sovet hərb maşınının törətdiyi qırğın Azərbaycan xalqını sındırmaq, Vətən torpağı uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyırdı. Amma xalqımız həmin faciənin ağırlığı altında sınmadı, qürurunu itirmədi. Müstəqil Azərbaycan onun uğrunda canından keçənlərin xatirəsinə ən böyük abidə oldu.

Vətənin ərazi bütövlüyünün bərpası, bütün sərhədləri içində suverenliyinin bərqərar olması 20 Yanvar şəhidləri üçün də ədalətin zəfər çalması idi. O gecə şəhadət yoluna “Qarabağ!” deyə çıxanların da ruhu indi şaddır.

20 Yanvarı ilk ildönümündən başlayaraq hüzn və qürur günü kimi qeyd etmişik. O hüzn içindəki qürur isə indi daha böyükdür və əbədi belə olacaq...