“Explore Azerbaijan” layihəsi bölgələrimizin mətbəxini təbliğ edir
   
   Bu dəfə Azərbaycanın Cənub bölgəsinə səfərimiz «Victory Tour» turizm şirkətinin «Explore Azerbaijan» layihəsi çərçivəsində həyata keçirdiyi «Kulinariya turları» silsiləsindən idi. Mədəniyyət və Turizm Nazirliyinin də dəstəyi ilə iyunun 22-23-də reallaşan infoturda KİV nümayəndələri və turizm şirkətlərinin əməkdaşları iştirak edirdi. Səfər boyu bizi maraqlandıran sualları isə «Victory Tour»un baş meneceri Vüsal Hacıyev cavablandırırdı.
   
   «Şah balıq» şah yeməyidir
   
   Ölkəmizin cənub rayonlarında bir neçə dəfə olsam da, budəfəki səfərim bir çox özəllikləri ilə yadda qaldı. Əvvəl ondan başlayaq ki, bu səfərədək Neftçalada fəaliyyət göstərən Xıllı Nərə Balığı Artırma Zavodu barədə təsəvvürüm yox idi. İnfotur çərçivəsində ilk baş çəkdiyimiz məkan məhz bu zavod oldu. Zavodun direktor müavini Cabbar Həşimov bizə müəssisənin yaranma tarixindən bugünkü fəaliyyətinə qədər ətraflı məlumat verdi. Onun sözlərinə görə, zavodda süni mayalandırma yolu ilə əldə edilən nərə balıqları müəyyən müddətdən sonra Kür çayına buraxılır. Zavod ilk məhsulunu 2004-cü ildə verib. Həmin vaxtdan indiyədək hər ilin balığından 80-100 ədəd zavodun özündə saxlanılır. Bununla da zavodda nəsil törətmə fondu yaradılıb. Cabbar Həşimov deyir ki, yalnız bu il - 9 ildən sonra ilk dəfə öz yetişdirdikləri balıqlardan məhsul alıblar: “Nərə balıqları 6-7 il ərzində cinsi yetişkənliyə çatır, məhsul verir, kürüsü, əti yeməli olur. Cinsi yetişkənliyə çatandan sonra onlar kürü vermək üçün çaya buraxılmalıdır. Balıqların kürüsü alındığı zaman isə onların 15-20 faizi ölür”.
   Balıqyetişdirmə zavodu ilə ətraflı tanış olduqdan sonra balığın dadına baxmamaq insafdan olmazdı. Elə biz də səfər proqramına uyğun olaraq Salyan şəhərindəki «Təndir» kafesinə gəldik. Burada tanınmış yerli aşpaz Əfsərağa Əsgərov əvvəlcə bizi «Şah balıq» yeməyinin hazırlanması prosesi ilə tanış etdi. Əvvəlcə balığın içi yarılıb təmizlənir, duzlanıb-istiotlandıqdan sonra içərisinə bir qədər turşu sürtülür. Sonra qoz, fındıq ləpəsi, kişmiş, qaysı və gavalı qurusu hər biri ayrılıqda yağda qovrulur. Qovrulmuş içlik balığın içərisinə doldurulur, balıq yayılmış xəmirə bükülür, sapla bağlanır və təndirə qoyulur.
   Aşpaz deyir ki, yeməyin adından göründüyü kimi, bu, vaxtilə şah yeməyi hesab olunub. İndi isə «Şah balıq»ı əziz qonaq gələndə bişirirlər.
   “Şah balıq”la yaxşıca nahar etdikdən sonra üz tuturuq ləvənginin vətəni Lənkərana.
   
   «Xan Lənkəran»da ləvəngi tanışlığı
   
   Qrupumuz Lənkəranın mərkəzindəki «Xan Lənkəran» hotelində yerləşir. Qeyd edək ki, bura əvvəllər restoran kimi fəaliyyət göstərib. Sonradan hotelin baş meneceri Əlimuxtar Bağırov müştərilərin arzusunu nəzərə alaraq buranı hotel-restorana çevirib. Hotelin inşasında qədimliklə müasirliyin vəhdəti nəzərə alınıb. Burada Lənkəran sənətkarlığının demək olar ki, bütün nümunələrini görmək mümkündür. Bu baxımdan «Xan Lənkəran»a hotel-muzey də demək olar.
   Bir qədər dincəldikdən sonra hotelin yay mövsümü üçün nəzərdə tutulmuş hissəsinə toplaşdıq. Səfərimiz əsasən Cənub bölgəsinin mətbəxi ilə tanışlıq xarakteri daşıdığı üçün burada da məşhur ləvənginin bir neçə növünün hazırlanması barədə məlumat alırıq.
   
   «Explore Azerbaijan» xarici turistlər tərəfindən maraqla qarşılanır
   
   Sonra “Explore Azerbaijan” layihəsinin yenilənmiş www.exploreazerbaijan.com saytının prezentasiyası keçirildi. “Victory Tour” şirkətinin rəhbəri Vüsal Hacıyev bildirdi ki, xarici turistləri Azərbaycanın zəngin milli mətbəxi ilə yaxından tanış etmək, bununla da ölkəmizin qədim tarixini və mədəniyyətini nümayiş etdirmək məqsədilə belə bir layihəyə start veriblər. Onun sözlərinə görə, layihə üzrə təşkil edilən turların maraqlı və fərqli xüsusiyyətlərindən biri də odur ki, turistlər milli mətbəximizin təamlarını dadmaqla yanaşı, həm də onların hazırlanma texnologiyaları ilə tanış olur, aşpazların köməyi ilə mətbəximizin xörəklərini hazırlamaq imkanı da əldə edirlər: «Ötən il bu qəbildən birinci infotur şimal istiqaməti üzrə Quba mətbəxi ilə tanışlıq məqsədilə həyata keçirilib. Onu da qeyd edim ki, «Explore Azerbaijan» layihəsi xarici turistlər tərəfindən çox böyük maraqla qarşılanır. 2012-ci ildə bu layihə ilə 600-dək turist ölkəmizin müxtəlif bölgələrinə səyahət etmək imkanı əldə etdi. Onlar eyni zamanda regionların mətbəxi ilə tanış oldular».
   Şirkət rəhbəri bildirdi ki, layihənin yeni saytını yaratmaqda əsas məqsəd də onun tanınmasına və daha çox turistin istifadəsinə şərait yaratmaqdır: «Saytda xarici ölkə vətəndaşlarının Azərbaycana səfər etməsi üçün turların rahat şəkildə təşkil edilməsi göstərilib. Ana səhifədə «Azərbaycan qonaqpərvər və fantastik mətbəxi olan ölkədir» sözləri yazılıb. Saytda Azərbaycan kulinariyası haqqında da ətraflı informasiya verilib. Turistlər üçün geniş məlumat bazası var. Burada turlar, hotellər, viza, xidmətlər, Azərbaycanda keçirilən mədəni tədbirlər, milli parklar, ticarət mərkəzləri, restoranlar və s. haqqında məlumatları əldə etmək mümkündür».
   Saytın turlar bölməsində «Victory Tour» şirkətinin xarici turistlər üçün təklif etdiyi marşrutlar, onların qiymətləri haqqında informasiya yerləşdirilib. Hansısa turla maraqlanan turist Azərbaycana gəlmək qərarı versə, bunu online şəkildə sifariş edə bilər. Artıq Azərbaycana gələn turistlər hoteli, səfər gününü özləri seçirlər. Qiymətə nəqliyyat, transfer, gecələmə, səhər yeməyi, muzeylərin ziyarəti daxildir.
   Vüsal Hacıyev onu da qeyd etdi ki, ölkəmizə gələn turistlər Bakının görməli yerləri ilə yanaşı, regionlarımızda yerləşən tarixi məkanlara da böyük maraq göstərirlər. Şirkət rəhbəri deyir ki, xarici turistlər yerlərdə insanlarla təmas qurmaq, onlarla söhbət etmək istəyirlər: «Azərbaycana Avropanın və dünyanın müxtəlif ölkələrindən turistlər gəlir. Yunanıstan, İtaliya, İspaniya, Almaniya vətəndaşları ölkəmizə gəlməkdə daha çox maraqlıdırlar. Onlar burdan razı gedirlər, gördüklərindən məmnunluqlarını bildirirlər. Elə qruplarımız olur ki, onlar öz ölkələrinə qayıtdıqdan sonra bir neçə əlavə qrup göndərirlər. Elə mətbəx nümunələrimiz var ki, əcnəbiləri sözün həqiqi mənasında heyrətə gətirir. Bu yaxınlarda Amerikadan bir qrup gəlmişdi. Onlara qoz mürəbbəsi təklif etdik. Dedik, özünüz tapın, bu mürəbbə nədən hazırlanıb. Hərəsi bir meyvə adı çəkdi, tapa bilmədilər. Mən onlara mürəbbənin qozdan bişirildiyini deyəndə çox təəccübləndilər».
   «Victory Tour» şirkətinin təşkil etdiyi maraqlı turlardan biri də Yoqa turudur. Tur şəhərdən kənar bölgələrdən birində təşkil olunur. 5-6 gün davam edən tur zamanı iştirakçılar yoqa mütəxəssislərinin köməyi ilə stressdən qurtulurlar.
   
   Elektron vizanın üstünlükləri
   
   «Victory Tour»un rəhbəri bildirdi ki, artıq iki aydır Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycana gələn turistlər sadələşdirilmiş formada elektron qaydada viza ala bilirlər. Bu xidməti 26 turizm şirkəti göstərə bilir: «Xüsusi saytda bizə müraciət edən turist haqqında məlumatları ora daxil edirik. Həmin informasiya Xarici İşlər Nazirliyində yoxlanılır, problem yoxdursa, 15 gün ərzində elektron təsdiq göndərilir. Həmin razılıq turistə göndərilir, o da elektron vizanı çap edib ölkəyə daxil ola bilir. Elektron vizanın qiyməti 20 dollardır. Bunun asan tərəfi odur ki, turist heç yerə getmir, evdə oturub turu bəyənən kimi onu sifariş edə bilir və viza üçün müraciət edir.
   Viza qaydalarının sadələşdirilməsi ölkəmizə turist axınına müsbət təsir göstərir. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, çox vaxt Gürcüstana gedən turistlərin əksəriyyəti Azərbaycanı da görmək istəyir. Sadələşmiş qaydada viza almaq üçün müraciət edən turist asanlıqla bu istəyinə nail ola bilir».
   
   * * *
   Səfərimizin ikinci günü Masallı şəhərinə yola düşdük. Burada sacda hazırlanmış yerli mətbəxə məxsus «Toyuq çığırtması»nın hazırlanması ilə tanış olduq. Bu yeməyin də dadına baxdıqdan sonra Bakıya yol aldıq.
   Sonda bir daha vurğulamaq istərdik ki, «Explore Azerbaijan» layihəsi çərçivəsində həyata keçirilən «Kulinariya turları» maraqlı olduğu qədər də ölkəmizin milli mətbəxinin tanıdılması baxımından əhəmiyyətlidir. Çünki dünya təcrübəsində mətbəx turizminə çox böyük önəm verilir. Təbii ki, mətbəxi olan ölkələrdə. Azərbaycanımızın isə bu baxımdan heç bir problemi yoxdur.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar