Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə Bakı və Abşeron rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbir keçirilib.
“Mənim atam qəhrəmandır, mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində təşkil olunan sosialyönümlü tədbirdə 200-ə yaxın Vətən müharibəsi şəhidinin ailə üzvləri iştirak edib.
Üçgünlük tədbir çərçivəsində şəhid ailələri üçün kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif attraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb. Eyni zamanda təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib, tanınmış müğənnilərin iştirakı ilə musiqili-əyləncəli proqramlar təqdim olunub.
Şəhid övladları üçün interaktiv oyunlar keçirilib, taxta fiqurların rənglənməsi və kulinariya üzrə ustad dərsləri təşkil edilib.
Sayca 4-cü dəfə gerçəkləşən aksiyanın davamı olaraq 2024-cü ildə "Şahdağ” Turizm Mərkəzi tərəfindən bu formatlı daha iki tədbirin keçirilməsi nəzərdə tutulub.