AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin təşkilatçılığı ilə yanvarın 17-də "Cavad xan Gəncəlinin azadlıq mücadiləsi – 220" mövzusunda elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, bu il Gəncə xanlığının hakimi Cavad xanın (1748-1804) rus işğalçılarına qarşı vuruşaraq həlak olmasından 220 il ötür. Qeyd edilib ki, sovet tarixçilərinin əsərlərində Azərbaycan xanlıqlarının Rusiyanın hakimiyyətini guya könüllü qəbul etdikləri iddia olunsa da, Gəncə xanlığının misalında biz bunun tam əksini görürük.
Professor Hacı Həsənov "Gəncənin Rusiya tərəfindən işğalı Azərbaycan tarixşünaslığında" adlı məruzəsində bildirib ki, 1803 – 1804-cü illərdə Gəncə xanlığı ətrafında baş verən hadisələrə Azərbaycan sovet tarixşünaslığında birtərəfli qiymət verilib və Cavad xanın başçılığı ilə Gəncənin rus ordusuna müqaviməti barədə heç yerdə yazılmayıb. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu hadisələrə düzgün qiymət verilməyə başlanılıb. Tarixçilərimizin əməyi sayəsində o hadisələrin üzərindən örtük götürülüb və yazılan əsərlərdə 1804-cü il rus ordusu tərəfindən Gəncənin işğalı tarixi mötəbər sənədlərə əsasən yazılıb.
"Cavad xan Gəncəlinin siyasi portretinin bəzi cizgiləri" adlı məruzəsində tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev bildirib ki, Cavad xan və ya Cavad xan Ziyadoğlu Qacar 1786-cı ildən 1804-cü il yanvar ayının 3-dək Gəncənin xanı olub. O, rus generalı P.Sisianovun başçılığı ilə mühasirədə saxlanılan Gəncənin azadlığı uğrunda mübarizədə işğalçı qoşun birləşmələri ilə döyüşdə qəhrəmancasına vuruşaraq şəhadətə yüksəlib. Tədqiqatlara görə, Cavad xan ümumilikdə 35 döyüşdə iştirak edib.
Sonda tarix üzrə fəlsəfə doktoru, dosent Ənvər Məmmədov "Şəmsəddil bölgəsi uğrunda Cavad xanın mübarizəsi" adlı məruzəsi dinlənilib. Alim Cavad xanla rus generalı P.Sisianov arasında aparılan məktublaşmalardan bəhs edib, həmin məktublarda Cavad xanın Şəmşəddil bölgəsinin hələ 600-700 il əvvəl Gəncə hakimləri tərəfindən idarə olunduğunu və bu əraziyə gürcü çarlığının iddialarının əsassız olduğunu düşmən generalın diqqətinə çatdırıb.