Xəbər verildiyi kimi, yanvarın 19-da kosmosa göndərilən “SpaceX” şirkətinin “Dragon” kosmik gəmisində ilk türkiyəli astronavt Alper Gezeravcı da var. “Ax-3” (Axiom-3) heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyindən isveçli Markus Vandt daxildir.

NASA-nın Kennedi Kosmik Mərkəzindən (Florida ştatı) “SpaceX”in “Falcon 9” daşıyıcı raketi ilə havaya qalxan “Dragon” Yerdən 400 km hündürlükdə təxminən 36 saatlıq orbital uçuşdan sonra, yanvarın 20-də (Bakı vaxtı ilə saat 14:42-də) Beynəlxalq Kosmik Stansiyaya (BKS) qoşulub.

Ax-3 komandasını 27 sentyabr 2023-cü ildən stansiyada olan yeddinəfərlik beynəlxalq heyət (rus, amerikalı, yapon və danimarkalı astronavtlar) sevinclə qarşılayıb. Beləliklə, hazırda BKS-də 11 astronavt var.

Türkiyənin ilk astronavtı BKS-də 14 gün qalacaq və 13 fərqli elmi təcrübədə iştirak edəcək. Təcrübələrin inteqrasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.

Xatırladaq ki, “Dragon” gəmisindən ilk canlı yayımda Alper Gezeravcı təəssüratını Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vaxtilə dediyi dahiyanə sözlərlə ifadə edib: “İstiqbal göylərdədir”. O, BKS-dən Türkiyəyə və dünyaya xitabında bunu bir daha vurğulayıb: “Türkiyə Cümhuriyyətini quran və onu bizə əmanət edən Qazi Mustafa Kamal Atatürkə və silahdaşlarına, bu vətən uğrunda canından keçən bütün şəhidlərimizə və buraya addım atmağımızı güclü iradəsi ilə təmin edən dövlətimizə və millətimizə minnətdarlığımı bildirirəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ölkənin ilk astronavtının kosmik səyahəti ilə bağlı videomüraciəti yayımlanıb. “Elm tarixinə misilsiz töhfələr vermiş bir sivilizasiyanın varisləri olaraq biz tarixdə daşıdığımız missiyanı yenidən yerinə yetirmək üçün çox dəyərli yeni bir başlanğıc edirik”, – deyə videomüraciətdə vurğulanıb.

Prezident Ərdoğan həmçinin yanvarın 21-də Gezeravcı ilə videobağlantı ilə danışıb.

Türkiyənin astronavt namizədləri Alper Gezeravcı və Tuva Cihangir Ataseverin adları ilk dəfə 2023-cü il aprelin 29-da İstanbuldakı “TEKNOFEST”də ictimaiyyətə açıqlanmışdı. Bundan sonra namizədlər ABŞ, Yaponiya, Almaniya və Türkiyədə təlim keçiblər. Nəticədə missiya üçün əsas astronavt olaraq Gezeravcı seçilib.

Yerli medianın məlumatına görə, Türkiyə bu kosmik missiyanın gerçəkləşməsi üçün ümumilikdə 55 milyon dollar ödəyib.

1979-cu ildə Mersində anadan olan Alper Gezeravcı hərbi hava mühəndisliyi təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində, eləcə də “Türk Hava Yolları”nda kapitan pilot kimi ümumilikdə 20 ilə yaxın uçuş təcrübəsi var.

V.Kamal