Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında türkiyəli yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanan "Qadınım" tamaşasının premyerası olacaq.
Musiqili lirik-psixoloji melodram kimi təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sona qədər mübarizəsi dayanır. Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət? Dərin fəlsəfi məna çalarları olan tamaşanı izləyənlər bunun şahidi olacaqlar...
Türk retro musiqilərinin də canlı ifa olunduğu "Qadınım"da teatrın gənc aktyorları Əmrah Dadaşov və Gültac Əlili, eləcə də xor artistləri iştirak edirlər.
Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir, o həm də aktrisa kimi çıxış edəcək.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Videogörüntüləri Murad Həsənov hazırlayıb.