Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Tariximizin qəhrəmanlıq salnaməsi” adlı sərgi açılıb.
Əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, NMR Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açaraq 1990-cı ilin 20 yanvar gecəsi Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdən danışıb. Bildirib ki, xalqımız bu mübarizədə azadlığı, suverenliyi uğrunda şəhid versə də, öz iradəsindən dönməyib, istiqlalına qovuşub.
Qeyd olunub ki, rəssamlarımız hər zaman tariximizin bu qəhrəmanlıq səhifəsini öz əsərlərində əks etdiriblər. Bu gün açılan sərgidə də Naxçıvan rəssamlarının 20 Yanvar hadisələrini özündə ehtiva edən əsərləri nümayiş olunur.
Türkiyə Cümhuriyyətinin Naxçıvandakı baş konsulu Asip Kaya 20 Yanvar hadisələrinin Azərbaycanın azadlıq və müstəqillik yolunda əsl mübarizə tarixi olduğunu vurğulayıb, şəhidlərin xatirəsinin Azərbaycan və türk xalqları üçün əziz olduğunu bildirib.
Digər çıxışlarda da tarximizə hüzn və qürur günü kimi yazılan 20 Yanvar hadisələrindən bəhs edilib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, bir həftə davam edəcək sərgidə 15 rəssamın 30 əsəri yer alıb.