Rəhman Oruclu: “Reklam lövhələrində turizm müəssisəsinin lisenziyasının nömrəsi və nazirliyin adı qeyd olunmalıdır”
   
   Mədəniyyət və Turizm Nazirliyi mehmanxana və mehmanxana tipli obyektlərin rəhbərlərinə müraciət edib. Müraciətdə bildirilir ki, «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq reklam sifarişçisinin fəaliyyəti üçün lisenziya tələb olunduqda reklamda lisenziyanın nömrəsi və bu lisenziyanı verən təşkilatın adı göstərilməlidir.
   
   «Bununla əlaqədar olaraq istehlakçıların hüquqlarının qorunması məqsədilə tərəfinizdən hazırlanan və təşkil olunan bütün reklamlarda (lövhələrdə, elanlarda, bilbordlarda, çarxlarda və s.) müvafiq qanunvericiliyə uyğun olaraq lisenziyanın nömrəsinin və Mədəniyyət və Turizm Nazirliyinin adının qeyd olunması tələb olunur», - deyə müraciətdə bildirilir.
   Nazirliyin Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu müraciətin hansı zərurətdən edilməsi barədə sualımıza cavab olaraq bildirdi ki, turizm obyektinin sifariş verdiyi reklamlarda aldığı lisenziyanın nömrəsini və lisenziyanı verən dövlət orqanının adını qeyd etməsi qanunvericilikdə də nəzərdə tutulur: “Bu təcrübə dünyanın bir çox ölkələrində vacib şərt hesab edilir və tətbiq olunur”.
   Bunun ilk növbədə istehlakçıların hüquqlarının qorunması məqsədilə həyata keçirildiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, burada istehlakçı da diqqətli olmalı, lisenziyasız müəssisə ilə işbirliyi qurmamalıdır: “Təsəvvür edin ki, yolla getdiyiniz zaman hər hansı bir turizm şirkətinin, mehmanxana və mehmanxana tipli obyektin reklam lövhəsi ilə qarşılaşırsınız. Reklamın altında həmin obyektin lisenziyasının nömrəsinin və Mədəniyyət və Turizm Nazirliyinin adının qeyd olunması artıq istehlakçıya, yəni sizə bir siqnaldır ki, həmin müəssisə qanuni fəaliyyət göstərir. Əks təqdirdə, istehlakçı anlamalıdır ki, müəssisə düzgün fəaliyyət göstərmir. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında mütəmadi olaraq, əsasən də yay turizm mövsümü öncəsi, vətəndaşların nəzərinə çatdırırıq ki, respublika daxilində lisenziya almamış mehmanxana və mehmanxana tipli obyektlərdə öz istirahətlərini təşkil etməsinlər, xarici ölkələrə səfər edərkən də yalnız lisenziya almış turizm şirkətləri ilə əməkdaşlıq etsinlər”.
   Həmsöhbətimiz qeyd etdi ki, indiyə qədər az sayda şirkətlər və hotellər qanunun müvafiq maddəsinə əməl edirdilər: «Lakin düşünürəm ki, bu xəbərdarlıqdan sonra neqativ hallar baş verməyəcək».
   Bəs əks halda, yəni lisenziya almadan turizm fəaliyyəti ilə məşğul olan turizm müəssisələri reklam verdikləri zaman onlara qarşı hansı dövlət qurumu lazımi tədbir görəcək?
   Sektor müdiri bildirdi ki, paytaxtda bu məsələyə Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və informasiya departamenti cavabdehdir. Bu qurum ilk növbədə Bakı şəhəri ərazisində yerləşdirilən reklamlara, bilbordlara nəzarət edir. Rayonlarda isə müvafiq icra hakimiyyəti orqanları bu məsələni diqqətdə saxlayır: «Paytaxtımızda çoxsaylı mehmanxanalar, turizm şirkətləri fəaliyyət göstərdiyinə görə reklam və informasiya departamenti bu işə ciddi nəzarət etsə, daha yaxşı olar. Çünki küçə və prospektlərdə reklam yerləşdirmək üçün reklam verən şirkət müvafiq dövlət rüsumu ödəməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin departamenti turizm müəssisəsi tərəfindən reklam yerləşdirməklə bağlı müraciətə baxarkən ilk növbədə həmin müəssisənin fəaliyyətlə bağlı lisenziyasını istəməli və «Reklam haqqında» qanunun 6-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq reklam mətnində lisenziya nömrəsinin və Mədəniyyət və Turizm Nazirliyinin adının qeyd olunmasını tələb etməlidir».

   Fəxriyyə Abdullayeva