Hüseyn Cavidin Ev-Muzeyində “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı anım tədbiri keçirilib.
Öncə faciə qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra faciənin baş verdiyi anlarda lentə alınmış kadrlar əsasında çəkilmiş “Silahdaşlar” filmi nümayiş olunub.
Muzeyin direktoru filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı çıxış edərək bildirib ki, Qanlı Yanvar hadisələri xalqımızın həm faciəli, həm də şanlı tarixidir.
Digər çıxışlarda qeyd olunub ki, 1990-cı il yanvarın 20-nə keçən gecə baş verən hadisələr zamanı Azərbaycan xalqı öz azadlığını, suverenliyini hər şeydən üstün tutduğunu dünyaya nümayiş etdirib. Gələcək nəsillər tariximizin bu şanlı səhifələrini unutmamalıdır.
Sonda tədbir iştirakçıları muzeydə hazırlanmış 20 Yanvar hadisələrini əks etdirən foto, sənəd və kitab sərgisi ilə tanış olublar.