F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 nömrəli filialı Y.Yusifov adına 265 nömrəli məktəbin VIII sinif şagirdləri ilə birgə 265 saylı məktəbdə “20 Yanvar – qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirib.
20 Yanvar faciəsində canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin kitabxanaçısı N.Əhmədova 20 Yanvar gününün Azərbaycanın müasir tarixinə təkcə dəhşətli faciə deyil, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu qeyd edib. Bildirilib ki, yalnız Ulu öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Uşaq Kitabxanasının 2 saylı filialının əməkdaşı G.Seyidova bildirib ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Tədbirdə ənənəvi kitab sərgisi nümayiş olunub.
***
Respublika Uşaq Kitabxanasının 3 saylı filialı və H.Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisəsinin 34-cü ildönümü münasibətilə "Qəhrəmanlıq zirvəsi" adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlərin ifasında şeirlər səslənib və 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib. Məktəbin foyesində kitab sərgisi nümayiş olunub. Sərgidə o məşum gecəni əks etdirən kitablar yer alıb.