Azərbaycan Milli İncəsənət Muzeyində “20 Yanvar – qəhrəmanlıq tariximizi yaşadan əsərlər” adlı tədbir keçirilib.
Muzeyin kinozalında “Silahdaşlar” (ssenari müəllifi Ramiz Fətəliyev, quruluşçu rejissoru Nizami Abbas) adlı sənədli film nümayiş olunub. 2019-cu ildə “Salnaməfilm” studiyasında lentə alınan film 1990-cı ilin 20 yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir.
Filmin nümayişindən sonra muzeyin direktoru Şirin Məlikova çıxış edərək xalqımızın azadlıq uğrunda apardığı mübarizə yolunda çox şərəfli yer tutan 20 Yanvar hadisəsinin tarixi əhəmiyyətindən danışıb.
Daha sonra Əməkdar rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov müəllifi olduğu “20 Yanvar hiyləsi” adlı əsəri haqqında məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb. Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılan əsərdə Sovet qoşunlarının xalqımıza qarşı törətdiyi qətliam simvolik şəkildə ifadə edilir.