Qanlı 20 Yanvar Azərbaycan tarixinin təkcə faciə günü yox, həm də qürur və şərəf səhifəsidir. 34 il öncə 70 illik imperiya buxovundan xilas olmağa çalışan, ərazi bütövlüyünün pozulmasına etiraz edən, suveren hüquqlarının müdafiəsinə qalxan Azərbaycan xalqının milli iradəsinə qəsd olundu. 1990-cı il yanvarın 20-nə keçən gecə Sovet ordusu əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Xalqımız azadlığın, müstəqilliyin əvəzsiz nemət olduğunu, onu canından da əziz bildiyini dünyaya göstərdi. O məşum gecə şəhadət şərbətini içən 147 nəfər vətəndaşımız xalqımızın istiqlal mübarizəsinin şahidləri kimi adlarını müasir tariximizə əbədi yazdırdılar...
34 ildir xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini böyük hüzn və qürur hissi ilə qeyd edir. Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.
Şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək əziz xatirəsi yad edilib. Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən, Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların əməkdaşları da iştirak ediblər.
Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük II Qarabağ müharibəsində qazandığı Zəfərlə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə təkcə 20 Yanvar şəhidlərinin deyil, bütün Vətən fədailərinin ruhları şaddır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.