Dörd teatrdan keçən nisgilli sənət yolu haqqında söhbət
O söhbətdə şıltaq qız da vardı, istedadlı aktrisa da. Arabir yolum dərdli, yeganə övladını itirməyin ağrısı ilə qovrulan ana ilə də kəsişdi. Hıçqırtılar, göz yaşı içində deyilən sözlər yaddaşımı yaraladı. Sonra söhbət teatrdan, sənətdən düşəndə o, bülbül kimi cəh-cəh vuraraq rollarından, səhnədəki qəhrəmanlarından danışan məsum uşağa döndü. Məhz o an günəşin üzünü tutub, dolub-boşalan buludlar dağıldı, əvəzində göy qurşağı çıxdı və biz 60 illik ömrün 40 ilini səhnə-səhnə onunla “gəzdik”...
Müsahibim Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Xanirə İsgəndərovadır. Ağsu rayonunun Kəndoba kəndində, sadə bir ailədə dünyaya göz açıb. Atası qarmon ifaçısı kimi el şənliklərinə gedən qəhrəmanım 5 bacı, 3 qardaşdan ibarət böyük bir ailədə səhnə arzularını həyata keçirən yeganə insandır.
– Ucqar kənddə doğulan qız niyə teatrı seçdi?
– Özümü dərk edəndən teatrda olmuşam, ruhən bu dünyadan qopmuşam və özümü səhnədə tapmışam. Yadımdadır, uşaq idim, televiziyada teatr, sənət adamları ilə bağlı verilişləri, tamaşaları həvəslə seyr edirdim.
– Bu həvəslə də evdən qaçmaq qərarına gəldiniz...
– Onda artıq 20 yaşım vardı. Teatr həvəsim içimdə ölmürdü, əksinə, hər gün alovlanırdı. Günlərin bir günü bacıma və bibim qızına bu niyyətimi – yəni evdən qaçmaq barədə fikrimi dedim. Onlar məni bu fikirdən daşındırmağa çalışsalar da, alınmadı. Qaldılar kəsilə-kəsilə. Məndə bu sənətə olduqca böyük həvəs vardı və ölümü belə gözə almışdım.
– Sənət dostlarınız sizə qaçaq qız, itkin gəlin də deyir arada. Mənə maraqlıdır ömründə nəinki başqa şəhər və rayona, heç doğulduğu kənddən rayon mərkəzinə belə təkbaşına getməyən qız hansı qurdun ürəyini yemişdi ki, Ağsudan Ağdama gedib çıxdı?
– (Gülür) Bir gün yenə televizora baxırdım. Ağdam Dövlət Dram Teatrının baş rejissoru, sənət fədaisi, ustadım Məmmədkamal Kazımov çıxış edirdi. O, müsahibəsində dedi ki, Ağdam teatrında gənclərə ehtiyac var və həvəsi olanlar açdığımız studiyaya gələ bilərlər, biz onları yetişdirəcəyik. İnanın, elə bildim ki, dünya bir anda gözəlləşdi. Axı mən o günə qədər elə sanırdım ki, teatrda yalnız institutu qurtaranlar çalışa bilərlər. Məmmədkamal müəllimin bu sözləri, mehriban təbəssümü mənə qol-qanad verdi. Bu fikirlə durub yığışdım. Bacıma fikrimi deyəndə əl-ayağı əsməyə başladı. Mən isə artıq qərarımı vermişdim. Gecə gedib rəfiqəmgildə qaldım. Pul-param da yox. Rəfiqəm niyyətimi anasına deyəndə qadın daş atıb başını tutdu ki, yox, biz qonşular düşmən olacağıq, atan deyəcək ki, qızım sənin evindən qaçıb. Düşdüm qadının əl-ayağına ki, bəs eləmə, atam bilsə məni öldürər. Yəqin o elə zənn edir ki, mən kiməsə qoşulub qaçmışam. Yalvar-yaxardan sonra qadının ürəyi ağrıdı, insafa gəldi, hətta cibimə cüzi miqdarda pul da qoydu. Sübh tezdən kəndimizdən rayon mərkəzinə gedən avtobusa mindim. Təsəvvür edin ki, Ağsuya heç vaxt getməyən adamam. Amma siz demiş, qurd ürəyi yemişəm də, nə olar, olar.
Rayon mərkəzinə çatdım. Avtobusların qarşısına yüyürürəm, tutuquşu kimi eyni sualı verirəm: “Ay əmi, siz Ağadama gedirsiz?”. Sən demə, Ağdama gedən avtobus yoxuymuş. Mən də bilmirəm. Həyəcanla ətrafıma baxıram ki, bu saat atam gəlib, məni aparacaq. Bu zaman ortayaşlı bir kişi “Mən Gəncəyə gedirəm, amma Bərdədən keçəcəm. Ağdama yaxın yerdə səni düşürərəm” dedi. Düzü, bir az qorxdum. Məni arxayın elədikdən sonra avtobusa mindim. 3 manat pul ilə gəlib çıxdım Ağdama, oradan da soraqlayıb çatdım teatra. Artıq gün batırdı. İş gününün sonu idi. Özümü yetirib əhvalatı danışanda ətrafıma yığılan teatr əməkdaşları heyrətə gəldilər. Məmmədkamal müəllim “Ailənə xəbər verməliyik” dedi və yalvarsam da, valideynlərimə zəng elədi.
Həmin gecə teatrın süpürgəçisigildə yatdım. İndi danışanda tüklərim ürpəşir. Səhəri gün atam özünü yetirdi. Teatrdakılar hiss elədilər ki, vəziyyət yaxşı olmayacaq. Teatrın rəhbərliyi, xüsusən də Məmmədkamal müəllim nə qədər xahiş etsələr də, atam razılaşmadı və məni evə gətirdi. Düz bir ay döydülər ki, bir də teatr adı tutmayım. Qorxumdan nə getmirəm demirəm, nə də gedəcəm. Atam yazıq mənə öyüd verməkdən yoruldu. Gördü ki, yeyib-içmir, hər gün ağlayıram. Axırda bildi ki, mənimlə bacarmır, qapıdakı tək danamızı satıb pulunu mənə verdi. Gəldik Ağdam teatrına. Özü məni Məmmədkamal müəllimə təhvil verdi və hönkürtü ilə ağladı. Yəqin ona görə də mən nə sənətdə, nə də həyatda xoşbəxt ola bildim.
(O ağladı və söhbətimiz dayandı. Ona təsəlli verə bilmədim. Yaddaşımı silkələyib təsəlli ola biləcək sözləri sıralaya bilərdim. Amma özüm dinmədim. Çünki hər kəs ona əzab verən gerçəkliklə üzləşəndə daha güclü olur. Bir qədər ara verəndən sonra söhbətə sənətlə davam elədim. Bilirdim, yenə ayın qabağı açılacaq. Elə də oldu).
– Ağdam teatrına yeni nəfəs kimi gəldiniz, deyilmi?
– Ağdam teatrı mənə doğma ev, isti qucaq oldu. 80 manat maaşla aktrisa kimi işə götürüldüm. Hər ay 45 manatını kirayə verib, qalan pul ilə xoşbəxt yaşayırdım. Yeni rollar, yeni sənət dostları və uğurlar qazandım. Rayonda tanındım, sevildim. Beləcə, beş il o ailədə isti ocaq tapdım. Teatra gələn gündən yaxşı rollarım oldu. Yadımda qalanları sayım: “Fərhad və Şirin”də Şirin, “Oqtay Eloğlu”nda Firəngiz, “Qismət”də Marta, “Vicdanla üz-üzə”də Nina kimi maraqlı rollar oynadım.
– Yəni yaxşı bir yaradıcılıq yolu keçdiniz...
– Amma yenə də mənə elə gəlir ki, çox oynamadım. Bu dünyada mənim yeganə yanğım səhnə, yeganə aclığım rollarımadır. Elə bilirəm ki, az oynamışam. Gözəl gənclik, hər obrazın başqa bir enerjisi, fədakar sənət adamları ilə bir səhnədə olmaq... İnsan necə qəribə canlıdır. Bu gün artıq 60-ı adlamışam, səhnədə də uzun bir ömür yaşamışam. Amma yenə də deyirəm ki, filan rolumda filan cür oynamışam, kaş onu yenə oynaya biləydim. Əslində, yaşadıqlarım məni həyatdan doydurub, amma səhnədən yox. Çünki tək enerjim, sevgim, təsəllim rollarım, bax o səhnədir. Nə qədər oynasam da, elə bilirəm ki, yenə yarımçıq, yenə azdır. Yəqin ki bilirsiniz, mən həm də Yazıçılar Birliyinin üzvüyəm, 5-6 kitabım var. Onlardan birində də sırf pyeslərim toplanıb. “Xalidənin taleyi” pyesim Mingəçevirdə, “Qulammirzə və Bibixanım” adlı əsərim Ağdam teatrında səhnəyə qoyuldu. Yəni aktrisa kimi də, müəllif kimi də sənət eşqim ölmür ki, ölmür.
Arada təqaüd yaşımı, səhnədən gedəcəyimi təsəvvür edəndə az qalır başıma hava gəlsin. Öz-özümə “Xanirə, sən səhnədən gedən günü öləcəksən ha” deyirəm. Məni səhnədən ölüm ayırar yalnız. Nə bilim, bu da bir tale, yazıdır da. Çünki bu sənətə gəldinsə, çətin ondan ayrılasan. Üzünüzə ki qrim dəydi ha, bax, ondan sonra sənəti atmaq çətindir. Düzdür, söhbət həqiqi sənət fədailərindən gedir.
– Müharibə, qan-qadalı illər və sizi Ağdam teatrından perik salan didərginlik...
– Yer-yurdumdan didərgin düşdüm, sonra Qazax teatrının dəvəti ilə bir neçə gənc oraya getdik. B.Vahabzadənin “Dar ağacı” əsərində Çılğın obrazı ilə qısa zamanda rayonda tanındım. “İntizar”da Gülyaz, “Ulduzdan gələn adam”da 6 qadın rolunu eyni zamanda oynadım. Eh, xeyli rollarım oldu. Bundan başqa, dövlət tədbirlərinə, cəbhə bölgələrinə getdim, tamaşalar göstərdik. Elə taleyimdə dəyişiklik də Qazax teatrında oldu. İş yoldaşımla evləndim, oğlumuz oldu. Kasıb, maddi və mənəvi sıxıntılar girdabında çabalasam da, xoşbəxt idim. Övladım, ailəm, işim, sevimli rollarım vardı. Tale mənə bunu da çox gördü. 90-cı illərin çətinliyində yoldaşım məni tərk elədi, Rusiyaya getdi və dönmədi. Biz ana-bala baş-başa verib yaşayırdıq. Ta o amansız qəzaya qədər. 7 yaşı vardı Röya balamın. Məktəbdən qayıdarkən maşın vurdu və... O günü heç vaxt unutmuram. Növbəti tamaşalardan birinin məşqində idim. Səhnə arxasında edilən söhbət qulağımı daladı. Dedilər “Röya adlı bir qızı maşın vurub”. Ürəyim ağzımdan çıxdı sandım. O an hiss etdim ki, bu qız yox, mənim oğlum Röyadır. Ona bu adı verəndə nə biləydim ki, ömürlük röyalarıma köçəcək...
(Söhbətin bu məqamında Şuşa teatrının foyesində hər tamaşa öncəsi verilən mini konsert başladı və muğam üçlüyünün ifasında “Könlüm düşdü diyar-diyar” səsləndi və biz ikimiz də kiridik. Ta nəğmə bitənə qədər. Foyedəki alqış, bunun ardınca ifa olunan növbəti şux ifa eşidilməz oldu).
Oğluma da bir poema yazdım, ağrılarımı dilə gətirdim. Həyatdır da. Mən şəhidlərimizin ağrılarını da şeirə, dastana çevirdim, yanğımı, vətən və vətənsevərlərə sevgimi həm də poetik dildə ifadəyə çalışdım. Beləcə, özümü, ruhumu, qırıq könlümü aldada-aldada, oxşaya-oxşaya yaşadım.
– Xanirə xanım, yəqin buna görə dramatik rollar sizin ifanızda daha təsirli alınır.
– Hə, tale mənə bunu yaraşdırdı. Qoy yadımdaykən deyim. Dünya başıma uçmuşdu, Röyam qeybə çəkilmişdi. Heç kim, heç nə mənə təsəlli ola bilmirdi. Öz-özümə yad olmuşdum. Amma yenə də səhnə məni həyata qaytardı. Puç həyatıma işığı yenə səhnə saldı. Amma Qazaxda qərar tuta bilmədim və rəfiqəmin təklifi ilə Gəncəyə gəldim. O vaxt Əməkdar incəsənət xadimi rəhmətlik Vaqif Şərifov Gəncə teatrının bədii rəhbəri idi. Məni xeyli danladı, “Səhnəyə, teatra qayıtmalısan” dedi və mən 1997-ci ildə Gəncə Dövlət Dram Teatrında işləməyə başladım. Həm tamaşalar, həm də dövlət tədbirlərində yenə ifalarım səs saldı. O teatr mənə arxa-dayaq, sevgi, təsəlli oldu. Yenidən ana olmaq, o sevinci yaşamaq üçün ailə qurdum. Amma övladım olmadı.
– Şuşa Dövlət Musiqili Dram Teatrındakı yolunuz haradan başladı?
– Teatrımızın direktoru, gözəl insan və sənət dostum Yadigar Muradovu hələ Ağdam teatrından tanıyırdım. Şuşa teatrına da 2009-cu ildə onun dəvəti ilə gəldim. Bu illər ərzində Şuşa səhnəsində bir çox tamaşalarda rollarım olub. Sadəcə, Mirzə Cəlilin “Anamın kitabı”nda Ana, Hüseyn Cavidin “Ana” dramında da Ana rolunu sadalayım, bəsdir.
– Peşmanlıq hissi ilə indi necə yola “gedirsiniz”?
– Pis, özü də çox pis. Ağrılı illərim ən ağır yüküm kimi belimə şəllənib. Oturub düşünürəm ki, bütün bunlara dəyərdimi?! Elə bilirsiniz asan olub? Yox, əsla. Amma əmin olun ki, qarşılaşdığım çətinliklər, rastıma çıxan pis adamlar, səhnədə, sənətdə aldığım zərbələrə rəğmən yenə də taleyimlə razılaşar, yenə də bu sənətə gələrdim.
– Deməli, ürəyin atəşi, odu, doğrudan da, qocalmır?
– Qocalsa, ölərik. Ürəyim istəyən rolları oynayıb, hər zaman səhnədə olsam da, bu natamamlıq, nisgil, rol yanğısı məni tərk etmir. İndi yaş-başım da o deyil. Amma enerji və bacarığımın imkan verdiyi o qədər rollar oynamaq istəmişəm ki. Sadəcə, yəqin rejissorlar bunu görməyib. Düzdür, dünənə baxanda narazılığım yoxdur. Amma yenə də bacarığımı, aktrisa kimi səhnə imkanlarımı, xüsusən bu yaşdakı oyun üslub və texnikamı açan o qədər də rol olmayıb. İstəyirəm ki, yenə içimdə qaynayan arzularımı səhnədə tapım. Bir az da çılğınlıq deyərdim buna. Amma aktrisanın işi həm də rejissorun verdiyi mizan və obrazın biçilmiş boyunda hərəkətdirsə, barışmalıyıq sadəcə...
– Necə düşünürsüz, çalışdığınız dörd teatrdan hansında potensialınız daha çox üzə çıxarıldı?
– Ağdam teatrında. Çünki bir aktyorun uğur hekayəsində onu zamanında kəşf edən rejissor amili çox vacibdir. Hər şey ondan asılıdır. Onun görüb, dəyərləndirmək bacarığı ayrı bir fitrətdir və mən bunu Ağdam teatrında daha çox görmüşəm.
– Bir də rejissorların sevimli aktyoru amili var.
– Mən də olmuşam. Ağdam, Gəncə və Qazax teatrlarında. Oralarda aktyor, aktrisa amili, rol bölgüsündə aktyorun potensialına uyğun yanaşma əsas idi. Yəni rejissor hər zaman baş rolu, qəhrəman rollarını eyni adama vermir, baxır, seçir, uyğun dəyərləndirmə edirdi.
– Belə başa düşürəm ki, bu teatra gəldiyinizə görə peşmansınız.
– Məhz rol bölgüsü məsələlərinə görə hə. Qalan hər şey qaydasındadır.
– Deyəsən, hazırda “Dağılan tifaq” tamaşasında da oynayırsınız. Məşqləriniz hansı mərhələdədir?
– Bəli, inşallah, bu tamaşa da maraqlı alınar, baxımlı olar.
– Şuşa teatrı Şuşaya gedərsə...
– Sevə-sevə gedərəm. Axı mənim sənət yolum Qarabağda başlayıb. Neynək, qoy elə Qarabağda da bitsin. Heç olmasa, bu arzum gerçəkləşsin...
Eh qızım, dinib-danışmağım yoxdur, indiyədək heç müsahibəm də olmayıb. Qoy, ürəyimi burada boşaldım. Bax, atam mənə xeyir-dua vermədi deyə, hamıdan geridə qaldım. Budur, 60 yaşımı keçmişəm. Nə bir mükafatım, fəxri adım, nə də bəxtəvər ailəm oldu. Bütün sevinclərim yarımçıq qaldı. İndi oturub tez-tez keşkələrlə baş-başa qalıram. Özümə verdiyim sualı bir də sizə verim: “Bu gün həyatda da, sənətdə də əlim boş, ümidlərim öləzimiş haldadır. Sizcə, bütün bu yaşadıqlarıma dəyərdi?
(Mən ona cavab verə bilmədim)...
Söhbətləşdi: Həmidə Nizamiqızı