Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.

(əvvəli ötən sayımızda)

2000-ci il 10 dekabr

 

Prezident Heydər Əliyev Teleteatrda “Uşaqların beynəlxalq televiziya və radio günü” münasibətilə keçirilən şənlikdə nitq söyləyib.

“...Çox şadam ki, hər il sizinlə görüşmək, istedadlarınızı gözlərimlə görmək mənə nəsib olur... Bu gün hamımız bir daha şahidi oluruq ki, Azərbaycan uşaqları nə qədər istedadlı, bilikli və nə qədər xalqımızı, millətimizi – bizləri sevindirməyə qadirdirlər və sevindirirlər... Bu istedad incəsənətdir, mədəniyyətdir, musiqidir...

...Azərbaycan xalqı XX əsrdə çox böyük inkişaf yolu keçibdir. Elm, mədəniyyət, incəsənət sahələrində və digər sahələrdə dünyaya çox dəyərli töhfələr veribdir... Amma XX əsrin çox hissəsini görmüş və bütün bu proseslərin Azərbaycanda fəal iştirakçısı olan bir adam kimi mən artıq irəliyə baxıram: XXI əsrdə Azərbaycan nə cür olacaq? Mən buna çox nikbinliklə, sevinc hissi ilə baxıram. Birincisi, ona görə ki, Azərbaycan XXI əsrə, üçüncü minilliyə müstəqil dövlət kimi daxil olur. İkincisi, ona görə ki, XX əsrdə, xüsusən XX əsrin sonunda dünyaya gəlmiş uşaqlar – sizlər, bizim gənclərimiz bizlərdən daha istedadlısınız, dünya mədəniyyətini, elmini qavramağa, mənimsəməyə daha qabiliyyətlisiniz...”.

 

2000-ci il 18 dekabr

 

Respublika Sarayında IV Beynəlxalq “Şərq-Qərb” Bakı Kinofestivalının açılışında iştirak edib. Azərbaycan Prezidentinə Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının “Nika” mükafatı təqdim edilib.

Mərasimdə Heydər Əliyevin festival iştirakçılarına təbriki, 2 avqust tarixinin (2 avqust 1898-ci ildə Bakıda kinosüjetlərin ilk nümayişi – red.) Azərbaycan Kinosu Günü elan olunması haqqında sərəncamı və bir qrup kino xadiminə fəxri adların (o cümlədən, Xalq artisti fəxri adı: Hacı İsmayılov, Muxtar Maniyev, Oqtay Mirqasımov, Fəxrəddin Manafov) verilməsi haqqında fərmanı oxunub.

Mərasimdən sonra Heydər Əliyev festivalın iştirakçıları ilə çay süfrəsi arxasında söhbət edib.

“...Azərbaycan Prezidenti olaraq, zamanın çətinliklərinə baxmayaraq, kinonu, xüsusən, “Şərq-Qərb” kinofestivalı kimi belə gözəl təşəbbüsü hər vasitə ilə dəstəkləməyə çalışıram. Burada, şübhəsiz, onun adının özü məzmundan xəbər verir... Şərq-Qərb ona görə xüsusi əhəmiyyət kəsb edir ki, Şərqin qədim sivilizasiyası və Qərbin çox böyük mədəni və mənəvi dəyərləri indi daha artıq sintezləşir, yəni daha çox birləşir və şübhəsiz, bu, öz nəticələrini verəcəkdir...

Bu, siyasi baxımdan Böyük İpək Yolunun bərpasıdır... Bütün bunlar isə mücərrəd ola və mədəni dəyərlərdən, əxlaqi dəyərlərdən, mənəvi dəyərlərdən ayrıla bilməz. Ona görə də bu festival bəlkə təsadüfən, bəlkə də təsadüfi olmayaraq düşünülmüşdür, deyə bilmərəm, hər halda yaxşı düşünülmüşdür...

Düşünürəm ki, bu festival, əvvəla öz əhatə dairəsini daha da genişləndirəcək, ikincisi isə, getdikcə daha çox kinematoqrafçıları və iştirakçı ölkələri cəlb edəcəkdir. Hələlik ən çox MDB ölkələrinin nümayəndələri toplaşırlar. Odur ki, siz MDB-nin hüdudlarından çox-çox kənara çıxmalısınız. Buna isə imkan var...”.

 

2000-ci il 30 dekabr

 

Respublika Sarayında uşaqların Yeni il şənliyində iştirak edib.

ŞHK arasında XX əsrin çempionu adına layiq görülmüş “Bakılı oğlanlar” komandasının üzvlərini Prezident Sarayında qəbul edib.

“...Mən sizi səhnədə həmişə görürəm. Amma bu gün ilk dəfədir ki, sizinlə bu şəraitdə görüşürəm. Bunun da səbəbi ondan ibarətdir ki, siz öz yaradıcı fəaliyyətinizlə böyük nailiyyətlər əldə etmisiniz...

Son illər sizin yaradıcılıq fəaliyyətinizin ikinci bir tərəfi də meydana çıxıbdır... Bəlkə də kimsə sizin tamaşalarda, sadəcə, gülməli epizodlara baxır, gülür və istirahət edir. Amma mən hesab edirəm ki, sizin tamaşalarınızın hər birinin özünəməxsus qiyməti var və yumor, satira janrı kimi, yenə də deyirəm, cəmiyyətimizdə olan nöqsanların aradan qaldırılmasına xidmət edir...

Təbiidir ki, bizim Musiqili Komediya Teatrımız var, yaxud da ki, dram teatrlarında satira, yumor səhnələri göstərilir. Siz bu sahədə çox yaxşı səviyyəyə çatmısınız... Biz ölkəmizdə, cəmiyyətimizdə olan nöqsanları aşkar edib, onlarla mübarizə aparmalıyıq. Mübarizənin müxtəlif yolları vardır... Ancaq insanların çoxu sizin satira və yumorunuzu dinləyəndə, göstərdiyiniz müxtəlif səhnələri görəndə düşünməlidirlər...”.

 

2001-ci il 16 yanvar

 

TÜRKSOY ölkələri mədəniyyət nazirlərinin XV toplantısının iştirakçılarını qəbul edib.

“...TÜRKSOY barədə çox danışmışıq. Ancaq bu gün mən onu deyə bilərəm ki, Türkdilli Dövlətlər Birliyi yaranandan indiyə qədər TÜRKSOY təşkilatı hamıdan çox iş görmüş bir təşkilatdır... Bu təşkilatın əsas məqsədi birinci növbədə bizim tarixi keçmişimizi, köklərimizi, mədəniyyətimizi və bunların hamısının müştərək olduğunu yenidən araşdırmaq və bu irsi nəsillərə çatdırmaqdan ibarətdir. Çünki 70 illik sovet cəmiyyəti dövründə, bundan da öncə, təəssüflər olsun ki, türkdilli ölkələrin bir-biri ilə əlaqələri ya zəif olubdur, ya da olmayıbdır... Amma indi biz müstəqillik əldə edəndən sonra və Türkiyə Cümhuriyyəti də bu sahədə çox dəyərli təşəbbüslərlə çıxış edəndən sonra Türkdilli Dövlətlər Birliyi yaranıbdır. Bu birliyin də ən əsas özəklərindən biri TÜRKSOY təşkilatıdır. Arzu edirəm ki, bu işləri bundan sonra da davam etdirəsiniz.

...Siz türkdilli xalqların ən incə və ən vacib işi ilə məşğulsunuz. Ticarət bu gün də, sabah da var. Dünya ticarətsiz, iqtisadiyyatsız yaşaya bilməz. Ticarətin, iqtisadiyyatın nə milliyyəti var, nə də milli kökü var. Amma mədəniyyətin, dilin, milli dəyərlərin, ənənələrin - bunların böyük tarixi və dərin kökləri vardır...”.

Hazırladı: V.Orxan

(davamı var)