Fransa ölkəyə gələn turist sayına görə dünya lideridir
   
   İldə təxminən 82 milyon turist qəbul edən Fransa bu sahədə dünyada liderlik edir. Bu müvəffəqiyyət ölkənin təbiətinin rəngarəngliyi və gözəlliyi, mədəni irsinin, o cümlədən muzeylərinin, tarixi abidələrinin zənginliyi ilə izah olunur.
   Bu barədə Fransanın ölkəmizdəki səfirliyinin məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, Fransa ABŞ və İspaniyadan sonra dünyada turizmdən ən çox gəlir götürən üçüncü ölkədir. Rəsmi statistik məlumatlara görə, ötən il Fransaya 81,4 milyon turist gəlib. Bu göstəriciyə əsasən o, ABŞ-ı (62,7 milyon), Çini (57,6 milyon), İspaniyanı (56,2 milyon) xeyli geridə qoyub.
   2010-cu ildə Fransanın turizm sahəsində dövriyyəsi 68,7 milyard, 2011-ci ildə 75,4 milyard, 2012-ci ildə isə 77 milyard avro təşkil edib.
   Ötən il Parisə gələn turist sayı 6 faiz artıb. Fransa paytaxtına gələnlər arasında amerikalılar, britaniyalılar və çinlilər sayca üstünlük təşkil ediblər. Ən böyük artım isə Yaxın və Orta Şərqdən gələn turistlər arasında müşahidə olunub. Bu müvəffəqiyyət şəhərdə mədəniyyət proqramlarının dolğun olması ilə izah olunur. Mağazalar, modalar evi və zəngin mətbəx də Parisin cazibədarlığını artıran əsas amillərdir. 2012-ci ildə Paris mehmanxanalarında yerlərdən istifadə rekord səviyyəyə çataraq 68 milyon gecə təşkil edib. Fransanın turizm sektorunda 2 milyon adam çalışır.
   Turist axınının əsas hissəsi Parisə yönəlsə də, Provans bölgəsi, Lacivərd sahil (Kann), Luara vadisi, Atlantik okeanın sahili və cənub-qərb regionları da turistlərin sevimli yerlərinə çevrilib. Turistlər arasında çoxulduzlu mehmanxanalara tələbat daha yüksəkdir. Amma hollandiyalılar kempinqlərdə qalmağa üstünlük verirlər. Paris və Nitsa rus turistlərin ən sevimli şəhərləridir. 
   

    Fəxriyyə