BMT-nin Dünya Turizm Təşkilatı bildirib ki, 2023-cü ildə turizm sektorunda əldə olunan uğurlardan sonra beynəlxalq turizmin bu il pandemiyadan əvvəlki səviyyələyə qayıtması gözlənilir. Məlumata görə, səyahətə tələbatın artması, hava əlaqəsinin güclənməsi 2024-cü ilin sonuna qədər bu sektorun tam bərpasının əsasını təşkil edəcək.
Qeyd olunur ki, beynəlxalq turizm 2023-cü ildə 1,3 milyard turist sayı ilə pandemiyadan əvvəlki səviyyəsinin 88 faizinə çatıb. Yaxın Şərqdə isə bu rəqəm pandemiyadan əvvəlki dövrdən də yüksək olub. Avropada daxili səyahətin artması və ABŞ-dən gələn səyahətçilər sayəsində həmin göstərici pandemiyadan əvvəlki səviyyənin 94 faizinə çatıb. Afrika və Amerika pandemiyadan əvvəlki ziyarətçilərin 96 faizini bərpa edib, Asiya və Sakit Okean ölkələri isə 2019-cu il səviyyəsinin 65 faizinə çatıb.
DTT-nin hesablamalarına görə, beynəlxalq turizm gəlirləri 2019-cu ildəki 1,5 trilyonla müqayisədə 2023-cü ildə 1,4 trilyon dollar olub. Turizmin qlobal ümumi daxili məhsulda payı isə ötən il 3 faiz təşkil edib.