Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) da 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.
İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, 1990-cı ilin yanvarın 20-nə keçən gecə müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə yüksəlməklə milli şərəf və ləyaqət, vətənpərvərlik örnəyi oldular. Azərbaycan xalqının milli mücadilə, qəhrəmanlıq dastanı olan 20 Yanvar musiqimizdə də geniş şəkildə təcəssüm tapıb. Bəstəkarlarımız bu mövzuya dəfələrlə müraciət edərək dəyərli əsərlər yaradıblar.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyası Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının professoru Leyla Quliyeva “Azər Rzayevin “Bakı – 90” simfoniyası haqqında”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Azərbaycan bəstəkarlarının yaradıcılığında şəhidlər mövzusu” adlı məruzə ilə çıxış ediblər.
Tədbirdə Azər Rzayevin “Bakı – 90” simfoniyasının DVD lent yazısı nümayiş olunub, Sevda Məmmədlinin yeni “Memories” – piano üçün pyesi müəllif tərəfindən səsləndirilib.