Azərbaycan və Rusiya arasında Yol Xəritəsi imzalanıb

 

Yanvarın 22-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk ilə görüşüb.

Görüşdə qeyd edilib ki, 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri tərəfindən Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb.

Dövlət başçılarının tapşırığına uyğun olaraq hazırlanmış 2024-cü ilədək olan dövr üçün Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə Yol xəritələrinin icrasının nəticələri yüksək qiymətləndirilib.

Bildirilib ki, Yol xəritələrinin icra olunduğu 2018-2023-cü illəri əhatə edən dövrdə Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı dinamikası təmin edilib, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq ötən il 4,3 milyard dollardan çox təşkil edib.

Görüşdə iki ölkə arasında enerji, kənd təsərrüfatı, gömrük-sərhəd infrastrukturunun təkmilləşdirilməsi, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.

Sonda Şahin Mustafayev və Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıblar.

Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığa dair yeni addımların atılmasını nəzərdə tutur.