Yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası olub.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılması öhdəliyini götürdüyünü, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının “Yaşıl enerji” zonası elan edildiyini bildirib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmas ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsidir.
Vurğulanıb ki, Azərbaycan ətraf mühitin qorunması və qlobal iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəkləyir və bu prosesə töhfələr verir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsi ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın bariz göstəricisidir.
Təşkilat Komitəsinin sədri 2023-cü il dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-la bağlı keçirilmiş müşavirədə hazırlıq işlərinə dərhal başlanılması barədə verdiyi tapşırığa toxunaraq, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.
Samir Nuriyev bu həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin Azərbaycana texniki missiya göndərəcəyini, dialoq şəraitində hazırlıq işlərinin aparılacağını deyib, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəlki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını diqqətə çatdırıb.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev dövlətimizin başçısının COP29-la bağlı tapşırıqlarının icrası istiqamətində görülmüş işlər barədə məlumat verib.
Təşkilat Komitəsinin üzvlərinin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.