“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı 19 yanvar 2024-cü il tarixində Nazirlər Kabinetinin müvafiq sərəncamını imzalayıb.

Tədbirlər Planı “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə tərtib edilib.

Xatırladaq ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Dövlətimizin başçısının sərəncamında Nazirlər Kabinetinə bununla bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunan “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” 16 bənd-bölmədən ibarətdir.

Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilib.

Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Tədbirlər Planına əsasən, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı – 2024” ilinin rəsmi açılışı may ayına nəzərdə tutulub.

İl ərzində İslam Dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi  və bu çərçivədə Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının, “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin, digər təqdimatların keçirilməsi gözlənilir.

İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin nümayişi, kitab təqdimatlarının keçirilməsi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) qərargahında (Mərakeşin Rabat şəhəri – red.) Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin təşkili də nəzərdə tutulub.

İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi”nin yaradılması və ilk görüşünün keçirilməsi, İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfransın və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalının təşkili, ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) böyük finalının Azərbaycanda keçirilməsi də gözlənilən tədbirlər sırasındadır.

Bundan əlavə, Şuşada İslam ölkələrinin rəssamlarının və fotoqraflarının sərgi və düşərgəsinin təşkili, İslam ölkələrinin yaradıcı gəncləri arasında müxtəlif müsabiqələrin, o cümlədən vizual sənət növləri üzrə internet müsabiqəsinin keçirilməsi, Şuşanın İslam mədəniyyətinə töhfə vermiş tarixi-dini irsi və şəxsiyyətləri haqqında sənədli filmin (müxtəlif dillərdə) hazırlanması və s. tədbir və layihələr də nəzərdə tutulub.