Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi üzrə tanınmış mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşlər davam edir.

Layihə çərçivəsində Zirə qəsəbə Mədəniyyət Mərkəzində tanınmış teatr və kino aktyoru Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Prezidentin fərdi təqaüdçüsü Məmmədsəfa Qasımovla görüş təşkil olunub.

Tədbirin aparıcısı sənətkarın ömür və sənət yolu haqqında ətraflı məlumat verib və bununla bağlı videoçarx nümayiş etdirilib.

Məmmədsəfa Qasımov çıxış edərək layihəyə dəvət olunduğuna görə təşkilatçılara təşəkkürünü bildirib. O, aktyorluq sənətinin çətinliklərindən, müasir gənclərin bu sahəyə münasibətindən bəhs edib, bir sıra filmlərdə canlandırdığı obrazlar haqqında söhbət açıb.

Sonda aktyor yaradıcılıq yolu ilə bağlı sualları cavablandırıb, kino və teatr sənətləri barədə fikirlərini bölüşüb.

***

“Qonağımız var” layihəsi üzrə baş idarənin Əmircan qəsəbə Mədəniyyət evində tanınmış xanəndə,  Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, şəhid anaları və Suraxanı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Mənsum İbrahimov istedadlı xanəndə olmaqla yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O bir sıra operalarda, o cümlədən “Leyli və Məcnun”da Məcnun, “Aşıq Qərib”də Qərib, “Gəlin qayası”nda Camal rollarını yüksək sənətkarlıqla ifa edib. Sənətkar həmçinin konservatoriyada gənc xanəndələrin yetişdirilməsinə öz töhfəsini verir.  

Mənsum İbrahimov operalarda yaratdığı obrazlardan, Azərbaycan muğamının inkişafı, tədrisi və təbliği istiqamətində fəaliyyətindən bəhs edib, ona ünvanlanan sualları cavablandırıb.

Sonda Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu “Zəfər nəğməsi”ni səsləndirib. Xanəndəni Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) müşayiət ediblər.