Ədəbiyyat tariximizin görkəmli tədqiqatçısı, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini filologiya elmləri doktoru, professor Paşa Kərimov 25 yanvar 2024-cü il tarixində, ömrünün 65-ci ilində vəfat edib.

Paşa Kərimov 10 fevral 1959-cu ildə Bakı şəhərində görkəmli şair Əli Kərimin ailəsində anadan olub. Paytaxtımızdakı 132 nömrəli orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

1982-ci ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlayan Paşa Kərimov 1999 – 2003-cü illərdə institutun elmi katibi, 2003 – 2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 2011 – 2014-cü illərdə institutun direktoru vəzifəsini icra edib. 2014-cü ildən institutun direktor müavini vəzifəsində fəaliyyət göstərib.

Paşa Kərimov 1991-ci ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 2012-ci ildə isə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Alim klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olub. İlk dəfə olaraq XVI – XVII əsrlər Azərbaycan şairlərindən Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi və başqalarının Azərbaycan dilində divanlarını, XIX əsr şairləri Mirzə İsmayıl Qasir və Mirzə Baxış Nadimin şeirlərini və s. çap etdirib.

P.Kərimov Volters İncəsənət Muzeyində (ABŞ) saxlanılan XV əsr Osmanlı şairi Ətainin Nizami Gəncəvinin təsiri ilə türkcə yazdığı “Miniatürlü xəmsə”, Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin (XV – XVI) “Divan”ının Türkiyə Milli Kitabxanasında saxlanılan nüsxəsi, Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin “Divan”ı, Tehranın Mulis Kitabxanasından İmadəddin Nəsiminin anadilli “Divan”ı, Fransa Milli Kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti-Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarının XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantları və digər əsərlərin aşkarlanaraq surətlərinin Əlyazmalar İnstitutuna gətirilməsinə nail olub.

Alim Türkiyə, Özbəkistan, Türkmənistan, İran, Əfqanıstan, Pakistan və digər ölkələrdə beynəlxalq konfranslarda Azərbaycan elmini layiqincə təmsil edib.

Dövlət başçısının müvafiq sərəncamı ilə 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. O, eyni zamanda bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

P.Kərimov Əlyazmalar İnstitutu nəzdindəki “Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış Dissertasiya şurasının sədri, UNESCO-nun “Dünya yaddaşı proqramı” üzrə Azərbaycan milli komitəsinin sədr müavini idi.

Allah rəhmət eləsin.