Bakı-Podqoritsa reysi üzrə ilk çarter uçuşu gerçəkləşib

   İyunun 19-da Bakı-Podqoritsa istiqaməti üzrə ilk çarter uçuşu həyata keçirilib. Azərbaycanlı turistlər Podqoritsa hava limanında təntənəli şəkildə qarşılanıblar.
   Ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyindən bildiriblər ki, mərasimdə Podqoritsa şəhərinin meri Miomir Muqoşa, ölkənin Turizm və Davamlı İnkişaf Nazirliyinin nümayəndələri iştirak ediblər.
   Şəhər meri M.Muqoşa Azərbaycan turistlərini salamlayaraq ilk çarter uçuşlarının başlaması münasibətilə təbriklərini çatdırıb. Mer Monteneqronun azərbaycanlılar üçün yeni bir məkan olduğunu, monteneqroluların da Azərbaycanı və Bakını yenicə kəşf etdiklərini bildirib. Hazırda ölkəsində Azərbaycanın daha geniş tanındığını diqqətə çatdıran M.Muqoşa ikitərəfli siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.
   Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Seyran Mirzəzadə də iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini, azərbaycanlı turistlərin Monteneqroda ölkəmiz haqqında formalaşmış müsbət imicə töhfə verəcəklərinə əminliyini bildirib.
   Bakı-Podqoritsa istiqamətində çarter reyslərin başlaması və azərbaycanlı turistlərin təntənəli qarşılanma mərasimi yerli mediada geniş işıqlandırılıb.

   Fəxriyyə Abdullayeva