Ağalar Bayramov: “Tanımadığım, üzünü görmədiyim şairlərin də əsərlərini sevə-sevə qiraət etmişəm”
Bədii qiraətçilər ədəbi əsərləri tamaşaçıya, dinləyiciyə daha təsirli şəkildə çatdıranlardır. Onlar bədii mətni müəlliflərindən daha yaxşı təqdim edirlər. Yəni qiraətçilər səsləndirdikləri əsərlərin ömrünə ömür qatırlar.
Müsahibimiz tanınmış bədii qiraət ustası, bu günlərdə 70 yaşını qeyd edən Əməkdar artist Ağalar Bayramovdur. O, sözün qüdrətinə çox inanır. Bəlkə də bədii qiraət sahəsini seçməsi də elə bu inamla bağlıdır: “Sözün gücü, həqiqətən də, böyükdür. Amma burda bir məsələ var. Baxır həmin sözü kim yazır, kim deyir. Özünü öymək olmasın, mən heç vaxt elə-belə söz demirəm. Vətənə sevgi, qələbəyə inam mənim təkcə dilimdə yox, həm də ürəyimdədir. Bədii qiraət özündə bir neçə sənəti birləşdirən sahədir. Qiraət ustası gözəl səs və səlis diksiyadan əlavə, incə duyuma, aktyorluq qabiliyyətinə və yüksək zövqə malik olmalı, sözün qüvvətini hiss etməyi bacarmalıdır. Bu sənətin Kazım Ziya, Müxlis Cənizadə, Soltan Nəcəfov, Aydın Qaradağlı, Həsən Əbluc, Mikayıl Mirzə, Əminə Yusifqizi kimi ustaları olub. Bu gün də bu sənətin etibarlı əllərdə olduğunu deyə bilərik”.
Ağalar Bayramov 16 yanvar 1954-cü ildə Ucar rayonunun Boyat kəndində dünyaya gəlib. Bakı Mədəni-Maarif Texnikumunda, sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Hazırda ADMİU-da dərs deyir. 2002-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
– Ağalar müəllim, televiziya ekranında bədii qiraət etdiyiniz ilk günü necə xatırlayırsınız?
– 1983-cü il idi. O vaxt Azərbaycan Televiziyasında xalq yaradıcılığından bəhs edən çox populyar “Ocaq” verilişi yayımlanırdı. Verilişin rejissoru Əmirhüseyn Məcidov bir gün məni çağırıb dedi ki, sənin gözəl səsin var, sabah televiziyaya gəl. Getdim, mənə üzündən bir əfsanə mətni oxutdu və beləliklə, televiziyaya yolum açıldı.
– Sizi bu sənətə gətirən qüvvə nə idi?
– Bu, sifarişlə olmur. Bir də gözümü açdım ki, bu sənətdəyəm. Çünki gözümü açıb nənəmin bayatılarını eşitmişəm, nənəmin mənə oxutdurduğu dastanlarla böyümüşəm, folklorumuza aşiq olmuşam. Məni sənətə gətirən bayatılar, sanamalar olub. Məsələn, nənəmdən yadımda qalan bu misraları deyim:
Yağış yağır güldür-güldür,
Mənim yarım hamıdan hündür.
Mən sevmişəm dağ oğlanı,
Sinəsi yaylaq oğlanı...
Fikir verirsiniz, sətirlərə, sanki bir mənzərədir. Məni həm də soy-kökə bağlılıq gətirib bu sənətə...
– Şeir, sənət, ədəbiyyat – bunlar sizin üçün nədir?
– Bunlar mənim üçün sanki bir dağ havasıdır. Onunla nəfəs alıram. Ədəbiyyatı sevməyən insanın həyata baxışını təsəvvür edə bilmirəm. Böyük Sabirin “Hophopnamə”sindən xəbəri olmayan nə bilər ki, həyat nədir, sənət nədir.
– Bədii qiraət sənətinin incəlikləri nələrdir?
– Bədii qiraət və aktyor sənətinin mahiyyəti birdir. Hər ikisində yaşantı var. Gərək sözlə yaşayasan. Üzeyir bəy deyirdi ki, sənətin iki qolu var; ya ürəkdən ağlatmalı, ya da ürəkdən güldürməlisən. Teatrın da iki emblemi var: ağlayan və gülən. Yəni komediya və faciə. Bədii qiraətdə də, məsələn, Mirzə Cəlilin “Ölülər”indən Kefli İskəndərin monoloqunu, yaxud İlyas Əfəndiyevin “Apardı sellər Saranı” əfsanə-hekayəsini, ya da Ənvər Məmmədxanlının “Buz heykəl”ini söyləyirəm. Bunların hər birinə ayrıca yanaşır, fərqli təqdim edirsən. Bu mənada, həm aktyorluqda, həm də qiraətdə özünəməxsus incəliklər etmək tələb olunur. Sənətin başlıca meyarı həm də ürəkdir. Ürək yoxdursa, sənət də yoxdur. Rəhmətlik Həsən Əbluc deyirdi ki, əvvəl ürək sonra fikir, sonra da dodağa gələn sözlər. Fərq ondan ibarətdir ki, aktyorun tərəf-müqabili olur, bədii qiraətçinin isə tərəf-müqabili minlərlə tamaşaçıdır. O, tamaşaçıya sözlə necə təsir edib diqqətini çəkəcək, sözlə necə işləyəcək – bax budur başlıca qayə. Qəlb süzgəcindən keçməyən söz heç vaxt tamaşaçıya təsir edə bilməz.
– Bu gün bədii qiraətçilər incəsənətin digər sahələrində çalışanlarla müqayisədə azdır. Dərs dediyiniz universitetdə bu sahəyə gənclərin marağı necədir?
– Bədii qiraətçilərin sayı dünyasını dəyişənlərlə bərabər, 10-12 nəfər olar. Bu sənət həddindən artıq çətin sahədir. Xanəndə sözü unuda bilər və tar-kaman cütlüyü onun bir neçə saniyəlik düzəliş etməyinə imkan yaradar. Bizim sənətdə söz yaddan çıxdı, fikir dolaşdısa, hər şey dəyişir. Minlərlə tamaşaçının gözü səndədir. Onların hisslərinə xitab etməyi bacarmalısan. Budur sənətin çətinliyi və böyüklüyü.
– Tələbələriniz arasında istedadlıları varmı?
– Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında məsləhətçi-professor vəzifəsində çalışıram. Çox şadam ki, burada III kurs tələbələrinə bir semestr bədii qiraət dərsi keçirilir. Səhnə danışığı ayrı, bədii qiraət ayrı dərsdir. Bu işi universitet rəhbərliyinin təqdirəlayiq addımı kimi dəyərləndirirəm. 2023-cü ilin sentyabr ayından qeyd etdiyim vəzifəni daşıyıram. Bizim universitetdə yaradıcı gənclər var, amma çox deyil. Bu sənətdə ən başlıca amil ürəyəyatımlı səs və yenə deyirəm, ürəkdir. Şeir əzbərləmək şərt deyil. Digər nüanslar sonradan düzəlir. Deyəcəksiniz elə səs, səs... Səs başqa aləmdir. Məsələn, Aleksandr Belyavski adlı rus aktyor vardı. “Görüş yerini dəyişməz olmaz” filmində quldur rolunu oynayır. Onun səsinin gözəlliyi var. Çox filmlərin dublyajında iştirak edib. Məşhur “Sprut” italyan serialında Kapitan Karradonu səsləndirən də odur. Səsi sanki köklənmiş tardır...
Bir qədər də öz sələflərimdən danışım. Unudulmaz Həsənağa Salayev. İsmayıl Şıxlının “Dəli Kür” romanından Cahandar ağanın Qəmər adlı atı ilə söhbətini dinləyəndə adam heyrətdən donub qalır. Filmdə o hissə yoxdur. Romandan 6-7 dəqiqəlik o hissəni Həsənağa Salayev səsi ilə necə gözəl canlandırıb. Eləcə də aktyorlar Yusif Vəliyev, Şahmar Ələkbərov, diktor Aydın Qaradağlı... Bu sənətdə səs yoxdursa, səslə düzgün işləmirsənsə, materiallar üzərində nə qədər çalışsan da, təsirsiz olacaq.
– Qiraətçi kimi ən çox hansı şairin yaradıcılığına müraciət etmisiniz?
– Ən çox müraciət etdiyim Məmməd Araz, Fikrət Qoca, Musa Yaqub, Ramiz Rövşən, Qabil, Zəlimxan Yaqub, Ramiz Qusarçaylı, Əjdər Ol, Sabir Sarvan, Ayaz Arabaçı, Səadət Buta, Ələmdar Quluzadə və başqalarıdır. Aşıq Ələsgər mənim ruhumdur. Sabir, Füzuli... Sevdiyim poeziya örnəkləri sanki mənim övladımdır. Bəzən tanımadığım, üzünü görmədiyim şairlərin də poetik nümunələrini sevə-sevə qiraət etmişəm. Rəhmətlik Alim Məhərrəmlinin, Fərqanə Mehdiyevanın şeirləri də bu sıradandır. Mənim üçün əsas şeirin tutumudur. Məsələn, Rəsul Rzanın “Anlamaq dərdi” şeirində olduğu kimi:
Kimi dərdindən içir,
kimi kefindən.
Kimi təzə paltardan qorxur,
kimi kəfəndən.
İskəndəri soruşdunuz məndən?
İskəndər içərdi,
Ləqəbi də “Kefli İskəndər”di.
Gecə-gündüz düşündürürdü onu,
diri ölülərin dərdi.
Yoxsa o da bir poçt məmuru olar,
nə dərdlənər, nə içərdi.
Ömrü ölülər içində
sakit, səssiz keçərdi.
Qınamayın İskəndəri!
Yaman olur anlamaq dərdi.
Xalq şairimiz Vahid Əziz ötən ilin 15 oktyabrında Prezident İlham Əliyev Xankəndinə gedəndə “Xankəndi, xanlığın mübarək olsun” adlı şeir göndərdi. Bu şeir efirlərdə səsləndi. Ötən il dekabrın 21-də Xankəndidə futbol matçı zamanı stadionun yanında bu şeiri səsləndirdim. Haqqımda da çoxsaylı şeirlər yazılıb. Bu sıradan Musa Yaqubun şeirini xatırlatmaq istərdim:
Sənət qalmır bir ölçüdə, vəzndə,
Öz çəkin var sənət tərəzisində.
Sözün rəngi cilvələnir səsində,
Söz incidir, səs dürdanə, nə deyim?
Söz soyusa, sınıq qəlbim qaralar,
Üst-başımı boran alar, qar alar,
Sən şeir de, mən ağlayım, Ağalar,
Sən divanə, mən divanə, nə deyim?
– 44 günlük Vətən müharibəsinədək, əsasən, yurd nisgilli poetik örnəklərə müraciət edirdiniz. Bu gün daha çox hansı mövzulara müraciət edirsiniz?
– Yaradıcılığımda Vətən mövzusu həmişə əsas yerlərdən birini tutur. Digər mövzulara da biganə deyiləm. Birinci və İkinci Qarabağ müharibələrində hərbçilərimizdə ruh yüksəkliyini artırmaq üçün cəbhə bölgələrində çoxsaylı çıxışlar etmişəm. 2020-ci ilin avqust ayından əsgər geyimində hər gün hərbi hissələrdə olurdum. Bu gün isə əsasən, Qələbə ruhlu mövzular, insanlıq, sevgi və s. mövzulara müraciət edirəm.
– Bu il sizin üçün yubileylə əlamətdardır...
– 50, 60 və 65 illiyimi dostlarımla qeyd etmişəm. Bu il yubiley yaşımı həyatın axarına buraxdım. Buna baxmayaraq, orta məktəblərdə mənimlə görüşlər təşkil edilib, televiziyada mənə veriliş həsr olunub. Vətənimə, xalqıma hər zaman təmənna güdmədən xidmət etdim. Yurdumu, dövlətimi, müstəqilliyimizi sevdim. Qismət oldu Şuşada, Qubadlıda, Laçında, Xankəndidə oldum. Bundan böyük bəxtəvərlik olar?!
Lalə Azəri