Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı MENAR Beynəlxalq Film Festivalı (12–28 yanvar) çərçivəsində Azərbaycan kinosu gecəsi və “Azərbaycana səyahət” adlı fotosərgi təşkil edilib. Bu barədə ölkəmizin Sofiyadakı səfirliyindən məlumat verilib.
Gecədə səfir Hüseyn Hüseynov və MENAR festivalının təşkilatçı şirkətinin rəhbərləri çıxış edib. İştirakçılara Azərbaycanın mədəniyyəti və kino sənəti haqqında məlumat verilib.
Qeyd edək ki, festivalın proqramında Azərbaycandan rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmidt!” tammetrajlı bədii filmi (2019) də yer alıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında çəkilən film almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub.
Yanvarın 22-dən 28-dək davam edəcək “Azərbaycana səyahət” sərgisində isə Bolqarıstanda yaşayan fotoqraf Arslan Əhmədovun Azərbaycanın ucqar bölgələrində çəkdiyi, insanın yaşayış tərzini və mədəniyyətini, ölkəmizin əsrarəngiz təbiətini əks etdirən şəkillər nümayiş olunur.