“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə yanvar ayında doğulan şəhidlərin xatirəsi yad edilib.
Rəsmilər, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin, eləcə də tələbə-gənclərin iştirak etdiyi tədbirdə Naxçıvan televiziyasının hazırladığı videoçarx nümayiş olunub.
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dövlət Texniki Kollecinin tələbələri videoçarxda adları çəkilən Birinci və İkinci Qarabağ müharibəsinin 49 şəhidinin portretlərini təqdim ediblər.
İctimai birliyin sədri Vətən müharibəsinin şəhid baş leytenantı Amin Gülməmmədovun atası Mayis Gülməmmədov Naxçıvanın igid övladlarından söz açıb, şəhid və qazilərimizin şərəfli ömür və döyüş yolunun hər bir gənc üçün əsl vətənpərvərlik örnəyi olduğunu bildirib.
Şəhid Ülvi Cəfərovun atası Habil Cəfərov şəhid ailələri adından çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.