Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində şəhid İbrahim Həsənovun anadan olmasının 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə İbrahim Həsənovun həyatından bəhs edən videoçarx nümayiş olunub.
Çıxışlarda 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun xalqımıza yaşatdığı Zəfər ruhundan danışılıb. Şəhidin döyüş yoldaşı, ailə üzvləri və yaxınları onun haqqında xatirələrini bölüşüblər.
Bədii hissədə Azərbaycan Milli Konservatoriyasının tələbəsi Manaf Əliyev “Xudayar təsnifi”ni, muğam müsabiqəsinin laureatı Məftun Məmmədov “Mənim Azərbaycanım”, müğənni Mirəli Cavadov isə “Bir ömrün nəğməsi” mahnılarını səsləndiriblər. 327 və 318 nömrəli tam orta məktəblərin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Qeyd edək ki, İbrahim Şöhrət oğlu Həsənov 2004-cü ildə Suraxanı rayonunun Bülbülə qəsəbəsində anadan olub. 2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Ordumuzun bölmələrinə qarşı törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalıb. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.