Moskvadakı “Azərbaycan” pavilyonunda sərgi

 

Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda dahi rus şairi Mixail Lermontovun (1814–1841) anadan olmasının 210 illiyinə həsr olunmuş “Lermontov zamanı. Dahi şair Azərbaycan mədəniyyətində” adlı sərgi açılıb.

Sərgi Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Lermontov zamanı” ictimai təşkilatı ilə birgə “Azərbaycan” pavilyonu tərəfindən təşkil olunub.

Açılışda çıxış edən pavilyonun direktoru Səadət Qədirova böyük şairin Qafqazda olarkən Azərbaycana səyahəti barədə danışıb. “Lermontov Quba, Şamaxı və şairin qaldığı evinin bugünədək qorunub saxlandığı Qusarda olub. Əsərlərinin birində Lermontov Qarabağ atları haqqında da yazır. O bu diyarı nə qədər bəyəndiyini izhar edib. Şair həmçinin Avropada fransız dili qədər Qafqazda əhəmiyyətli hesab etdiyi Azərbaycan dilini öyrənib”, – deyə S.Qədirova bildirib.

Pavilyonun direktoru əlavə edib ki, sərginin əsas eksponatı şairin əvvəllər məlum olmayan və həyatda olarkən çəkilən portretidir. Bu rəsm əsəri sərginin təşkilatçıları və fərdi kolleksiyaçı Roman Qavrilovun səyləri sayəsində ABŞ-dən Rusiyaya qaytarılıb. 2023-cü ilin fevral ayında sənət əsəri ekspertizadan keçib. O, 1830-cu illərin sonlarına aiddir. Rəsm əsəri “Azərbaycan” pavilyonunda ilk dəfə nümayiş olunur.

Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin müşaviri Aqşin Əliyev çıxışında səfir Polad Bülbüloğlunun salamlarını çatdırıb. Qeyd edib ki, Azərbaycanda Lermontovun yaradıcılığına hər zaman böyük maraq olub. Azərbaycan dünyaya dahi şairlər və yazıçılar bəxş edib. Ölkəmizdə rus ədəbiyyatına hörmətlə yanaşılır. “Azərbaycan” pavilyonunda Lermontova həsr olunmuş sərginin açılması ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verir.

“Lermontov zamanı” ictimai təşkilatın rəhbəri Mariya Mixeyeva-Nikatina və digər çıxış edənlər birgə mədəni tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, ilk cənub sürgünü zamanı Lermontov Azərbaycana səfər edib və bu barədə o, dostu Svyatoslav Rayevskiyə ünvanlandığı məktubda yazıb. Şair dostuna bildirib ki, Qafqazda Azərbaycan dilini (Lermontov məktubda “tatar dili” yazıb) bilmək Avropada fransız dili qədər əhəmiyyətlidir və bu dili öyrənməyə başlayıb.

Sərginin xüsusi multimedia zalının “İmprovizasiya” ekspozisiyası M.Y.Lermontov və M.F.Axundzadənin Aleksandr Puşkinin ölümü ilə bağlı poetik fikirlərinə, eləcə də Lermontovun “Demon” poemasına həsr olunub. Eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında Lermontovun “Aşıq Qərib” nağılının illüstrasiyaları olan nadir incəsənət obyekti zala xüsusi rəng verir.

Sərginin daha bir diqqətçəkən eksponatı Rusiyanın Xalq rəssamı, məşhur heykəltaraş Aleksandr Burqanovun rus ədəbiyyatı klassikinə həsr olunmuş heykəlidir. Şairin yubileyi ilə bağlı xüsusi olaraq yaradılmış Lermontovun büstü ilk dəfə tamaşaçılara nümayiş olunub.

Qeyd edək ki, Lermontov gözəl əsərlərinin bir qismini Qafqazda yaradıb və bu diyarla bağlıdır. Onun məşhur “Qafqaz” şeiri dilimizə dəfələrlə ayrı-ayrı şairlər tərəfindən çevrilib.

Sizdə xoşbəxtdim, a dağlar, kahalar, gen düzlər!
Keçdi beş il, yenə könlüm sizi həsrət izlər.
İki göz gördüm o yerlərdə, ilahi gözlər
Yada düşdükcə pıçıldar ürəyim min yerdən:
Sevirəm Qafqazı mən!

Qafqaza səyahət edən şair, dramaturgiyamızın banisi M.F.Axundzadə ilə yaxından tanış olub, onun köməyi nəticəsində “Aşıq Qərib” dastanını “Türk nağılı” adı ilə yazıya alıb.

Rus şairinin (qısa müddətə də olsa) Azərbaycan dili müəllimi böyük mütəfəkkir, dramaturgiyamızın banisi M.F.Axundzadə olmuşdu və məhz onun yaxından köməyi nəticəsində Lermontov “Aşıq Qərib” dastanını “Türk nağılı” adı altında rusca yazıya almışdı.