Türkiyə Milli Kitabxanasında fotosərgi və film nümayişi

 

Görkəmli operator və kinorejissor, Xalq artisti Rasim Ocaqovun (1933–2006) 90 illik yubileyi ötən il geniş şəkildə qeyd olundu. Yubiley tədbirləri bu il də davam edir.

Yanvarın 22-də Ankarada, Türkiyə Milli Kitabxanasında TÜRKSOY-un təşkilatçılığı ilə Rasim Ocaqovun yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbir kitabxanada kino xadiminin həyat və yaradıcılığına aid fotoşəkillərin yer aldığı sərginin açılışı ilə başlayıb.

TÜRKSOY-un baş katibinin müşaviri Sayit Yusuf çıxışında bildirib ki, təşkilat tərəfindən Türk dünyasının görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin irsinin beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl işlər görülür. 

Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov Türkiyə və Azərbaycan arasında kino sahəsində münasibətlərin qurulmasına önəm verildiyini və Rasim Ocaqovun vaxtilə bu prosesə böyük dəstək göstərdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, kinorejissor lentə aldığı bir sıra filmlərdə Türkiyə mövzusuna da yer verib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və nəşrlər şöbəsinin müdiri Taner Beyoğlu Rasim Ocaqovun yaradıcılıq özünəməxsusluğundan danışıb, vaxtilə onunla şəxsi tanışlığının olmasından məmnunluq duyduğunu dilə gətirib.

Rejissorun qızı Kəmalə Ocaqova atasının sovet dövründə Türkiyəyə səfər etdiyini və bu səfərdən çox təsirləndiyini vurğulayıb, rejissorun Azərbaycan müstəqillik qazandıqdan sonra çəkdiyi filmlərin Türkiyə ilə bağlılığını qeyd edib.

Daha sonra rejissorun yaradıcılığından bəhs edən qısametrajlı filmin təqdimatı olub. R.Ocaqovun lentə aldığı “Təhminə” (1993) filminin baş rol ifaçıları Xalq artisti Fəxrəddin Manafov, türkiyəli aktrisa Meral Konrat və ekran əsərinin ikinci rejissoru Zəfər Murtuzov sənətkarın Azərbaycan kinosunun inkişafına verdiyi mühüm töhfələrdən söz açıblar.

Qonaqlara TÜRKSOY-un Rasim Ocaqovun 90 illiyinə həsr olunan xatirə plaketləri  təqdim edilib.

Sonda “Təhminə” filmi nümayiş olunub.

Lalə