“Təəssüf ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur”
Xəbər verildiyi kimi, yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumda fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq barədə bəyanat yayıb. Bu addım AŞPA-nın yanvarın 22-də başlayan sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsinə etiraz olaraq atılıb.
Bəyanatı Strasburqda, təşkilatın binasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov oxuyub.
Bəyanatda deyilir:
Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə, regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.
2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən – Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.
Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.
Təəssüf ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib.
Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geridönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.
Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
***
Qeyd edək ki, AŞPA-da hər ilin əvvəlində, yanvar sessiyasında üzv dövlətlərinin nümayəndə heyətlərinin etimadnaməsinin təsdiqi kimi formal prosedur olur. Assambleya 2024-cü il üçün Azərbaycan heyətinin etimadnaməsini təsdiqləməyib.
AŞPA bununla bağlı danimarkalı parlamentari Moen Şentsinin hazırladığı hesabata əsaslanan qətnamə qəbul edib. 76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla qəbul olunan qətnamədə bildirilir ki, assambleya Azərbaycanın 20 il əvvəl Avropa Şurasına daxil olmasından irəli gələn “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gəlib.
Ölkəmizə qarşı bir sıra qərəzli fikirlərin yer aldığı qətnamədə Azərbaycanın 2023-cü ilin sentyabrında öz suveren ərazisində həyata keçirdiyi lokal antiterror əməliyyatı da xatırladılır və iddia olunur ki, guya həmin əməliyyat “Dağlıq Qarabağın bütün erməni əhalisinin Ermənistana qaçmasına və “etnik təmizləmə” iddialarına səbəb olub. Halbuki bir müddət sonra regionda olmuş BMT təmsilçilərinin də yer aldığı beynəlxalq missiya bunun əksini, yəni erməni əhalinin könüllü olaraq Azərbaycanı tərk edərək Ermənistana getdiyini təsbit etmişdi.
AŞPA-nın sözügedən qətnamə ilə bağlı məlumatında o da vurğulanır ki, bu qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir.