2024-cü ildə Böyük Qayıdışın yeni ünvanlarından biri də Cəbrayıl şəhəri olacaq. Hazırda şəhərin mərkəzi olacaq ərazidə 33 yaşayış binası inşa edilir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyindən bildirilib ki, Cəbrayıl şəhərində inşa edilən ilk yaşayış kompleksi 33 binadan ibarətdir. 4-5 mərtəbəli binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də – Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümündə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və şəhərin bərpasının təməl daşını qoyub.
Həmin vaxt təqdim olunan layihəyə görə, yenidən qurulacaq Cəbrayıl şəhərində ümumi məskunlaşma ərazisi 335 hektar nəzərdə tutulub. İşğaldan öncə şəhərə faktiki inteqrasiya olunmuş Şahvələdli, Qurbancəfər və Xubyarlı kəndləri də yeni baş planda şəhərin məskunlaşma ərazisinə daxil edilib. Planda 150 hektara yaxın yaşıllıq (park-meşə zolaqları), 50 hektarlıq ərazidə aqropark, 20 hektarlıq sənaye zonası da nəzərdə tutulub.
Cəbrayıl şəhərinin baş planını Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor LLP” şirkəti hazırlayıb.