Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin almanca nəşrinin təqdimatı

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 25-də dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. İl ərzində yubileyə həsr olunan silsilə tədbir və layihələr həyata keçiriləcək. Bununla bağlı Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və AMEA ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Mütəfəkkir şairin ədəbi irsi ilə bağlı ən sanballı əsərlərdən biri – görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı ötən il alman dilində nəşr olunub. Kitab tanınmış şərqşünas-alim, Azərbaycan klassik ədəbiyyatının tədqiqatçısı, Giesen Universitetinin dosenti Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə olunub.

Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasından çap olunan kitabla bağlı ötən ilin noyabrında Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində təqdimat olub. Kitabı dahi şairin 530 illik yubileyinə töhfə də saymaq olar.

Yanvarın 26-da Azərbaycan Milli Kitabxanasında Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin almanca nəşrinin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi mərasimdə ADA Universitetinin rektoru professor Hafiz Paşayev, kitabın tərcüməçisi, şərqşünas-alim Mixael Raynhard Hess, mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatı tarixində həm yazıçı, həm də ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi özünəməxsus yer tutduğunu söyləyib. Qeyd edib ki, Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” adlı tədqiqat əsərinə görə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Mir Cəlal Paşayevin böyük alim, pedaqoq, yazıçı kimi zəngin və çoxcəhətli fəaliyyətindən danışıb, Füzuli yaradıcılığının əsərdəki geniş təhlili haqqında bəhs edib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva təqdimatı keçirilən əsərin Füzuli irsinin öyrənilməsində mühüm mənbə olduğunu söyləyib.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli elm yolunda ona işıq tutan, yol göstərən müəllimi Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin əhəmiyyətinə toxunaraq XX əsr dünya füzulişünaslığında Mir Cəlal müəllimin öz kürsüsü, öz yeri olduğunu bildirib.

AMEA-nın müxbir üzvü, BDU-nun professoru Təhsin Mütəllimov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev də kitabın məziyyətlərindən bəhs ediblər.

Xarici İşlər Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev kitabın Almaniya və digər ölkələrdə yayıldığını, bir çox universitet kitabxanalarının kataloqlarına daxil edildiyini, biblioqrafiyalara salındığını söyləyib, tərcüməçi-tədqiqatçıya Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliğindəki xidmətlərinə görə təşəkkürünü bildirib.

Kitabın tərcüməçisi, şərqşünas-alim Mixael Raynhard Hess nəşrə yazdığı “Giriş sözü”ndə həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilindən danışaraq Füzuli dühasına Mir Cəlal Paşayevin bu əsəri vasitəsilə daha rahat daxil ola bildiyimizi vurğulayıb. Füzuli və Mir Cəlal yaradıcılığının əksi olan bu əsərdə sənətlə elmin kəsişdiyini deyən alim kitabın ərsəyə gəlməsinə görə onun təşəbbüskarı olan Hafiz Paşayevə və tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya minnətdarlığını bildirib, sonda Füzulinin “Yetməzmi” qəzəlini söyləyib.

Mir Cəlal Paşayevin oğlu, ADA Universitetinin rektoru professor Hafiz Paşayev əsərin yazılma tarixi haqqında Mir Cəlal müəllimin xatirələrindən danışıb, kitabın tərcüməçisi Mixael Raynhard Hessə, tədbirin təşkilatçılarına və bütün qonaqlara təşəkkürünü bildirib.

Sonda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas-alim, professor Mir Cəlal Paşayev haqqında Milli Kitabxananın hazırladığı elektron məlumat bazasının təqdimatı olub.

Əlavə edək ki, Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin daha bir təqdimatı görkəmli ədəbiyyatşünas-alim və pedaqoqun uzun illər çalışdığı Bakı Dövlət Universitetində keçirilib. Tədbirdə professor Hafiz Paşayev, BDU-nun rəhbərliyi, müəllim-professor heyəti, kitabın almancaya tərcüməçisi Mixael Raynhard Hess iştirak ediblər.